“Mançester Yunayted” klubunun futbolçusu Rio Ferdinand İngiltərə milli komandası ilə vidalaşıb. Lent.az-ın İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı müdafiəçi qərarını gənclərə yol açmaq istəyi ilə əsaslandırıb.
O, klubuna daha çox vaxt ayırmaq niyyətində olduğunu bildirib. Ferdinand bu mövsüm “Mançester Yunayted”in heyətində 6-cı dəfə çempion olub. Təcrübəli müdafiəçi millidə sonuncu dəfə ötən il iyunun 4-də İsveçrə ilə 2012-ci il Avropa çempionatının seçmə matçında çıxış edib. Həmin görüş heç-heçə ilə nəticələnib – 2:2. Çempionatın final mərhələsində isə Ferdinand iştirak etməyib.
Qeyd edək ki, İngiltərə mətbuatı Rio Ferdinandın gedişinə səbəb kimi onun millidəki komanda yoldaşı Con Terri ilə münasibətlərində soyuqluğun yaranmasını göstərib. Terri vaxtilə Rionun qardaşı Entonu irqçi təhqirlərə məruz qoyub. Böyük Ferdinand yığmada 81 oyuna 3 qol vurub və 1998, 2002 və 2006-cı il dünya çempionatlarında iştirak edib. O, 2008 – 2010-cu illərdə millinin kapitanı olub.