Azərbaycan mayın 16-da San-Marinoda başlayacaq Avropa Olimpiya Komitəsinin (EOC) 34-cü seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (İOC) Olimpiya Həmrəyliyi Forumunda təmsil olunacaq. Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, üç gün davam edəcək seminar və foruma MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva qatılacaq.
Tədbirdə 2015-ci ilin iyununda Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı müzakirələr də aparılacaq. Bu, ilk günə təsadüf edəcək. K.Nurullayeva iştirakçılar qarşısında Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı təqdimatla çıxış edəcək. Bundan əlavə, Avropa Oyunları ilə bağlı yaradılmış EOC-un Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos da tədbirdə təmsil olunan Milli Olimpiya Komitələri qarşısında aprelin 30-da Komissiyanın Bakıda keçirilmiş görüşü ilə bağlı hesabat verəcək.
Qeyd edək ki, seminar və forumda Soçi-2014, Rio-2016, Olimpiya Oyunlarının menecment standartları, Milli Olimpiya Komitələrinin idarə edilməsi qaydaları, Olimpiya dəyərlərinin təbliği metodları və digər mövzular ətrafında da müzakirələr aparılacaq.