İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada “on bir ayın sultanı” da adlandırırlar. Orucluq ayı 29-30 gün davam edir və günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlar yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlara şamil olunmur. Bəs futbolçulara necə?
Əslində onlar da sağlam insanlar kimi oruc tutmalıdılar. Lakin komandalarımızın bir hissəsinin Avrokuboklardakı oyunlara hazırlıqları, digərlərinin isə təlim-məşq toplanışlarında olması və başqa səbəblər onların oruc tutmasına mane ola bilərmi? Və ya klublarda oruc tutan futbolçulara qadağa qoyulubmu? Bu məqsədlə, “Het-trik” qəzeti maraqlı sorğu keçirib.
Vaqif Sadıqov (AZAL-ın baş məşqçisi): “Ramazan ayı müqəddəs aydı, oruc tutmaq, namaz qılmaq isə hər bir müsəlmanın borcudu. Ö cümlədən, mənim də. Ramazan ayında oruc tutacam. Futbolçularımıza gəlincə, demək olar ki, yarısı namaz qılan uşaqlardı. Legionerlər haqqında bir söz deyə bilmərəm. Amma əvvəl bizdə oynamız Zohair Benouahi əsl müsəlman kimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirirdi. Ümumiyyətlə, bu işə bir qədər həssas yanaşmağa çalışıram. İndiyə kimi bu halla dəfələrlə qarşılaşmışam. Hətta, “Anji”də işləyərkən, orada futbolçulara və müsəlman legionerlərə oruc tutmaları üçün hər şərait yaradılırdı. AZAL-dada eynidi. Çalışıram ki, məşqləri ya səhər tezdən, ya da axşamüstü – iftara az qalmış təyin edim. Belədə oruc tutanlar üçün bir qədər rahat olur”.
Müşfiq Qəmbərov (“Rəvan”ın məşqçisi): “Komandada yerli futbolçuların əksəriyyəti namaz qılır, dinimizin tələblərini yerinə yetirirlər. Oruc tutmalarına heç bir qadağa qoyulmayıb. Əksinə, klub rəhbərliyi və məşqçilər korpusu futbolçuların oruc tutması üçün onlara lazım olan hər şəraiti yaratmağa hazırdı. İyulun 15-də Sloveniyaya təlim-məşq toplanışına gedəcəyik. Ola bilər ki, oruc tutanlar səfərlə bağlı oruclarını təxirə salarlar. İslamda da belə bir qayda var – səfərdə olanlar oruc tutmaya bilərlər. Amma bu, futbolçuların şəxsi işidi”.
Hüseyn Cəbrayıloğlu (“Xəzər Lənkəran”ın mətbuat katibi): “Ramazan ayında “Xəzər Lənkəran”da oruc tutan xeyli adam var. Komandanın rəisi, masajcı, tərcüməci, inzibatcı və mən. Hamımız dini borcumuzu yerinə yetirməliyik. Futbolculara gəlincə isə, bilirəm ki, Elnur Abdullayev, Tounkara, Kamran Abdullazadə namaz qılır. Amma Ramazan ayında oyunlarımızın sıx qrafiki olduğu üçün futbolcuların hansı qərar verəcəyini bilmirəm. Hər halda məcburiyyət yoxdu. Amma oyun günləri yəqin ki, istisnalar olacaq”.
Səbuhi Məmmədov (“İnter”in KİV departamentinin rəhbəri): “Əvvəla bütün xalqımızı müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edirəm. Allah hamının orucunu qəbul eləsin. “İnter”ə gəlincə isə komandada namaz qılan, oruc tutan futbolçular az deyil. Hətta legionerlərdən Brüs Abdulayenin müsəlman olduğu hamıya məlumdu. Futbolçular arasında oruc tutmaq istəyənlərə hörmətlə yanaşırıq, onlar üçün heç bir qadağa yoxdu. İstər klub rəhbərliyi, istərsə də baş məşqçi Kaxaber Sxadadze tərəfindən. Sxadadze özü dindar bir insandı. Oğlu ilə birlikdə xristian dininin bütün qayda-qanunlarına əməl edirlər. Hətta xristianların Pasxa bayramında bizim oruc tutmağa bənzər ayinləri də var. Doğrudu, su içir, yemək yeyirlər, amma qida rasionunda ət məhsulları olmur. Öz dininə hörmətlə yanaşan insanın müsəlman futbolçuların oruc tutmasına müsbət yanaşacağına və onlara müəyyən güzəştlər edəcəyinə əminəm”.
Rəşad Məmmədov (“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri): “Komandada xeyli sayda dindar uşaq var. Futbolçulara qarşı heç bir qadağa qoyulmayıb, əksinə klub rəhbərliyi tərəfindən onların orcu tutmaları üçün hər bir şərait yaradılıb. Ötən il Kayseridə təlim-məşq toplanışında olduğumuz vaxt Ramazan ayına təsadüf etmişdi. Komandanın baş məşqçisi əcnəbi olsa da, adət-ənənələrimizdən xəbərdar idi. Məşqləri uyğun vaxta təyin etmişdi. Səhər tezdən hava isinməmiş birinci məşq olurdu. Axşam məşqçi isə iftara yarım saat qalmış başa çatırdı. Bu il də belə olacaq. Komanda ayın 15-də Gürcüstana təlim-məşq toplanışına yollanacaq. İndidən məşq qrafikini müəyyən etmişik ki, oruc tutanlar üçün çətinlik yaranmasın. Səhər məşqləri 9-un yarısı başlayacaq. Axşam məşqləri isə saat 9-a təyin olunub. Yəni, rəhbərlik bü işlərə həssas yanaşır. Bundan başqa, hər il Ramazan bayramında “Sumqayıt” iftar süfrəsi təşkil edir. İftar süfrəsinə futbolçular, idman və şəhər ictimaiyyətinin nümayəndələri dəvət olunurlar. Təəssüf ki, ötən il Kayseridə olarkən iş şəraiti ilə bağlı oruc tuta bilmədim. Bütün günü ayaq üstə olmaq böyük enerji tələb edirdi. Əslində bizim işimiz futbolçuların işindən qat-qat çətin idi. Bu il isə rəhbərlikdən Gürcüstandakı toplanışa getməmək üçün icazə istədim, sağ olsunlar etiraz etmədilər. Allah qoysa, rahat oruc tuta bilərəm”.
Gündüz Abbaszadə (“Neftçi”nin mətbuat katibi): “Komandada xeyli sayda dindar futbolçu var. Hətta klubun prezidenti Sadıq müəllim Hacıdı. Təbii ki, oruc tutanlar olacaq. Amma onlara bu barədə heç bir qadağadan söhbət gedə bilməz. Oruc tutmaq müqəddəs bir işdi və ona hamımız əməl etməliyik. Ötən il Avroliqa oyunları ərəfəsində də oruc tutan futbolçularımız var idi. Allah günahımızdan keçər, rəsmi oyunlarda, əsasən də səfər qarşılaşmalarında futbolçuların oruc tutmamalarına pis baxmıram. Çünki oyun ərəfəsində formalarında geriləmə ola bilər. Amma yenə də, bu, onların öz işidi. Özümə gəlincə isə, dinimizdə birinci şərt namaz qılmaqdı. Təəssüf ki, hələ namaz qılmıram. Amma ötən illərdə oruc tutmuşam. Bu il də çox istərdim ki, yenə oruc tutum. Lakin yaxınlarda əməliyyat olunduğumdan həkimlər qəti surətdə oruc tutmağıma qadağa qoyublar”.
Nurlan İbrahimov (“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri): “Ötən il də bu məsələ gündəmə gəlmişdi və futbolçuların oruc tutmaları üçün heç bir problem ortaya çıxmadı. Komandada xeyli sayda futbolçu var ki, İslam dininin qoyduğu qaydalara riayət edirlər. Baş məşqçimiz Qurban Qurbanovdun da namaz əhli olduğu hamıya məlumdu. Hətta Qurban müəllimin digər dinlərdən olan futbolçulara öz dini adət-ənənələrini yerinə yetirmək üçün hər cür şərait yaratdığını deyə bilərəm. Əlbəttə, ötən illərdə olduğu kimi bu il də oruc tutanlar çox olacaq. Klub rəhbərliyi tərəfindən onların rahat oruc tutmaları üçün hər bir şərait yaradılacaq. Oyun günləri isə futbolçuların oruc tutmaları özlərindən asılıdı. Yəni, hər hansı qadağa olmayacaq. “Qarabağ”da bütün dinlərə hörmətlə yanaşırlar. Komandada din azadlığı var. Özümə gəlincə isə, bir ay boyunca oruc tutmaq fikrindəyəm. Allah hamının orucunu qəbul eləsin!”.
Sonda qeyd edək ki, gələn mövsüm Premyer Liqada çıxış edəcək digər 3 klubumuzun - “Bakı”, “Qəbələ” və “Simurq”un rəsmiləri də komandalarında futbolçuların oruc tutmaları ilə bağlı hər hansı maneələrin olmayacağını, onlara lazımi şərait yaradılacağını söylədi.