Ukraynada karate üzrə dünya kubokunun final mərhələsi keçirilib. Yarışda milli komandamızın tərkibində Gəncə idmançısı da iştirak edib.
Lent.az-ın kepez.tv-yə istinadən məlumatına görə,bütün yaş qrupları üzrə keçirilən yarışda ümumilikdə 2000-ə yaxın idmançı qalib adı uğrunda yarışıb. Nizami yurdu yarışda yalnız 1 karateçi ilə təmsil olunub. Bu, 6-8 yaş kateqoriyasında karatenin şotokan versiyası üzrə döyüşən Fərid Savadovdur. Savadov çıxış etdiyi 25 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Fərid Savadov, Dünya kubokunun qalibi: “Ukraynanın Odessa şəhərində təşkil olunan VI dünya kubokunun qalibi oldum. Mənim çəkimdə 19 karateçi var idi. Mən 4 döyüş keçirdim. Ən çətin döyüşüm finalda yerli idmançıya qarşı oldu. Mən məşqçim Əziz müəllimə təşəkkür edirəm”.
Yaşının az olmasına baxmayaraq, bu, Fəridin ardıcıl ikinci zəfəridir. Belə ki, o, ötən il Ukraynada düzənlənən analoji yarışın qalibi olub. Ümumilikdə isə Savadov qatıldığı 23 yarışdan 21-də mükafatçılar sırasına düşüb, 11 dəfə isə çempion adını qazanıb. Fərid Savadovu qarşıda daha bir ciddi yarış gözləyir. Karateçi oktyabr ayında Türkiyədə təşkil olunacaq Avropa çempionatına qatılacaq.