Belçikanın Hazevinkel şəhərində yeniyetmələr arasında akademik avarçəkmə üzrə Avropa çempionatı keçirilib. Lent.az-ın məlumatına görə, 31 ölkədən 450 avarçəkənin mübarizə apardığı yarışda Azərbaycanı Boris Yotov təmsil edib.
18 yaşlı idmançımız 1 nəfərlik qayıqla (JM 1X) mübarizə aparıb. O, 2000 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayaraq, karyerasında ikinci dəfə Avropa çempionu olub. Yotov mübarizəyə seçmə mərhələdən başlayıb. Təmsilçimizin ilk rəqibləri Fransa, Xorvatiya, Estoniya və Gürcüstan avarçəkənləri olub. Yotov onları qabaqlayaraq, finişə 7 dəqiqə 24,07 dəqiqəyə çatıb və yarımfinala yüksəlib. Növbəti mərhələdə idmançımız Rusiya, Çexiya, Latviya, Sloveniya və Estoniya təmsilçiləri ilə yarışıb. Bu dəfə isə Yotov 7 dəqiqə 22,58 saniyə nəticə ilə yenə hamıdan öndə olub və finala çıxıb.
Nəhayət, bu gün keçirilən həlledici yürüşdə avarçəkənimiz finişə daha tez - 7 dəqiqə 2,72 saniyəyə çataraq, qızıl medal qazanıb. Ondan 6,37 saniyə geri qalan isveçrəli Yakob Blankenberger gümüş, 7 dəqiqə 10,79 saniyə göstəriciyə malik çexiyalı Yaroslav Hellebrand isə bürünc medala sahib olub.
Qeyd edək ki, Boris Yotov yeniyetmə akademik avarçəkənlər arasında qitənin ən güclüsü olduğunu ardıcıl ikinci dəfə təsdiqləyib. O, ilk Avropa çempionluğunu ötən il 25-26 mayda Belarusun paytaxtı Minskdə keçirilmiş Avropa çempionatında əldə edib. Həmin vaxt təmsilçimiz 1 nəfərlik qayıqla finişə 6 dəqiqə 57,445 saniyəyə çatıb. Beləliklə, Yotov 16 - 28 avqustda Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunları öncəsi yüksək hazırlıq səviyyəsində olduğunu sübut edib.
İdmançımız ikiqat Avropa çempionu oldu
1530