Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrovun Cənubi Koreyanın Çunqju şəhərindəki dünya çempionatının yarımfinal mərhələsində rəqibləri müəyyənləşib. Lent.az-ın məlumatına görə, 1 nəfərlik qayıqla (M1x) 2000 metr məsafəyə yürüşə təmsilçimizdən əlavə, Roman Röösli (İsveçrə), Andrey Sinek (Çexiya), Alan Kempbell (Böyük Britaniya), Mindauqas Qrişkonis (Litva) və Dani Fridman (İsrail) qatılacaq.
Rəqiblərdən ən titullusu Sinekdir. O, dünya və 3 qat Avropa çempionu, eləcə də son 2 olimpiadanın gümüş mükafatçısıdır. Kempbell isə 2012-ci il London Yay Olimpiya Oyunlarında, eləcə də son 2 dünya çempionatında bürünc medal qazanıb. Qrişkonis 3 qat Avropa çempionu sayılır. Rösli bu il 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatında 4 nəfərlik qayıq ekipajının tərkibində qızıl medal qazanıb. Fridman isə hələlik heç bir yarışda fərqlənməyib.
Digər yarımfinal yürüşündə Artyom Kosov (Rusiya), Savarn Sinq (Hindistan), Anxel Furnier Rodriges (Kuba), Marsel Hakker (Almaniya), Roel Braas (Hollandiya) və Georgi Bojilov (Bolqarıstan) çıxış edəcək. Hər iki yürüşdə ilk “3-lüy”ə düşməyi bacaranlar əsas finala yüksələcəklər.
Qeyd edək ki, yarımfinal yürüşü avqustun 30-da olacaq.