"Lans" klubu 3 illik fasilədən sonra Fransa çempionatının I Liqasına vəsiqə qazanıb. Lent.az-ın sportnet.az-a istinadən məlumatına görə, azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus komanda II Liqanın son turunda səfərdə "Bastiya"nı məğlub edib - 2:0.
Hər iki qolu 7-ci və 44-cü dəqiqələrdə Adamo Kulibali vurub. Bununla da xallarını 65-ə çatdıran "Lans" 2-ci pilləyə yüksəlib.
Qaydalara əsasən, Fransanın yüksək liqasına ilk 3 yeri tutan komandalar vəsiqə əldə edirlər. "Lans"dan əlavə, II Liqada 76 xalla çempion olan "Mets" və 64 xala malik "Kan" da I Liqada iştirak hüququ əldə edib.
Qeyd edək ki, "Lans" da İspaniya "Atletiko"su kimi oyunlara üzərində "Azerbaijan Land of Fire" yazılmış formalarla çıxır. Növbəti mövsümdən Azərbaycan Fransanın yüksək liqasında da təbliğ olunacaq.