- I Avropa Oyunlarının bürünc mükafatçısı oldunuz. Bu nəticə sizi qane edirmi?
- Təbii ki, çıxışımdan razı deyiləm. Düzdü, “bürünc” də medaldı, amma məni qane etmir. Çünki qarşıma birinci olmaq məqsədi qoymuşdum. Qismət belə oldu.
- Erməni güləşçisi ilə qarşılaşmada qalib gəlməyinizə nə mane oldu?
- Xalça üzərinə çıxana kimi narahatlığım yox idi. Sadəcə, axıra 1 dəqiqə, dəqiqə yarım qalmış həyəcanlandım. Boş yerə xal verdim. İstədim xallarımın sayını artırım, 5 xal yığım ki, sonra 4 xallıq fəndə düşsəm belə, irəlidə olum. Qələbəni tam təmin etmək istəyirdim, amma olmadı.
- İstənilən halda, idmançı bu cür görüşdə psixoloji cəhətdən gərgin olur...
- Təbii ki, psixoloji gərginlik var idi. Bir söz deyim, adi rəqibinlə güləşəndə həyəcanlanırsan. O ki qaldı, I Avropa Oyunlarında, dövlət başçısının, hər kəsin səni izlədiyini bilə-bilə həyəcanlanmamaq, mümkün deyil. Gəlib belə bir rəqiblə, erməni ilə döşəyə çıxıb, uduzmaq... Mən ona neçə il əvvəl təmiz qələbə ilə qalib gəlmişdim.
- Bu dəfə 3:0 hesabı ilə öndə idiniz. Belə bir məqamda ehtiyatlı güləşmək, riskə getməmək daha doğru olmazdımı?
- Razıyam, riskə getməyə bilərdim. Amma belə bir şey var ki, rəqib görüşün sonuna 10-15 saniyə qalanda xallar götürüb, məni qabaqlaya bilərdi. Onda yenidən irəli çıxmağa vaxtım qalmayacaqdı. Bunu nəzərə alıb, elə davrandım. Hər şey öz əlimdə idi. Rəqib parter vəziyyətində idi, qaldırıb düz atsaydım, bir az təkan versəydim, hesab 5:0 mənim xeyrimə olacaqdı. Bu da rahat qələbə qazanmağıma şərait yaradacaqdı.
- Ailədə bu məğlubiyyəti necə qarşıladılar? Ümumiyyətlə, belə bir çətin məqamda ən böyük dəstəyi kimdən aldınız?
- Hər kəsdən. Vallah, mən belə gözləməzdim. Dünya və Avropa çempionu olanda məni bu qədər təbrik etməmişdilər. Sağ olsunlar, hər kəsə təşəkkür edirəm. “Facebook”, “İnstagram” sosial şəbəkəsində hamı dəstək olur. İnsan üçün onu başqalarının təmənnasız çox istəməsindən vacib şey yoxdu.
- Yunan-Roma güləşçilərimiz yarışı 6 – 2 qızıl, 2 gümüş və 2 bürünc medalla tamamladılar. İdmançılarımız bundan yaxşı nəticəyə imza ata bilərdilərmi?
- Qazanılan nəticə yaxşıdı. Bundan artığını ancaq mən edə bilərdim. Hamı məndən birincilik gözləyirdi. Orxan Nuriyev də yaxşı idmançıdı. O da medal qazana bilərdi. Sadəcə, gəncdi, 19 yaşı var. O yaşda bu cür mötəbər yarışa düşməsi Orxan üçün böyük irəliləyişdi. Maşallah olsun, ümumilikdə yaxşı nəticə qazandıq. Mən və digər komanda yoldaşlarım da ümumi qazanılan nəticədən razıyıq. Avropa Oyunlarında, bu cür ölkələrin içində 6 medal qazanmaq yunan-Roma güləşçilərimiz üçün böyük nəticədi.
- Bundan sonrakı hədəfiniz nədən ibarətdi?
- Qarşıdan dünya çempionatı gəlir, orda birinci olmaq istəyirəm. Bir də Olimpiadaya hazırlaşmalıyıq.