2014-cü il 15-16 may tarixində İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışı keçiriləcək.
Lent.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, yarışda Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxıstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edəcək.
Artıq FİLA prezidenti Nenad Laloviç tərəfindən Dünya Kuboku yarışının püşkü atılıb. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə “B” qrupunda mübarizə aparacaq.
“A” qrupunda isə Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxıstan komandaları qüvvələrini sınayacaq.
Yarışın proqramına əsasən, mayın 15-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda mübarizə aparacaq.
Dünya Kubokunda ölkəmizi təmsil edəcək komandanın heyəti yaxın günlərdə açıqlanacaq.