Mourinyodan ETİRAF: “Barselona”nın hegemonluğu ilə mübarizə aparmaq asan deyildi"
“Madriddə üç əla il keçirdim. Təbii ki, çətinlikləri və problemlər də vardı. Lakin bu da peşənin bir parçasıdır”.
APA-nın məlumatına görə, bunu İspaniyanın “Real” klubunun sabiq baş məşqçisi Joze Mourinyo deyib.
Portuqaliyalı mütəxəssis “Kral klubu”nu çalışdırdığı dövrü xatırlayıb. O bildirib ki, “Real”da işlədiyi dövrdə “Barselona”nın hegemonluğu ilə mübarizə aparmaq asan olmayıb:
“Həmin dövr barədə fantastik xatirələrim var. “Real”da olduğum vaxt klub üçün çox çətin idi. Onda “Barselona” dominantlıq edirdi. Özü də təkcə nəticələrlə deyil, həm də ictimai simpatiyalar səviyyəsində. Onlar elə futbol oynayırdı ki, bunu izləmək də xoş idi. “Barselona” meydanda möcüzələr yarada biləcək kreativ futbolçulara malik idi. Biz bunu dəyişməliydik”.
J.Mourinyo yetirmələrinə və rəqiblərinə minnətdar olduğunu da vurğulayıb: “Həmişə demişəm ki, çox şeyi öz futbolçularıma və rəhbərliyim altında çıxış etməyib, mənə problemlər yaradan oyunçulara borcluyam. Məsələn, Lionel Messi heç vaxt komandamda oynamayıb. Amma mən ona qarşı oynamışam və Messi məni ən yaxşı məşqçi edib. Çünki onunla matçlara daha diqqətlə hazırlaşmalı olmuşam. Messinin adını çəkməklə rəqib olduğum bütün əla futbolçuların adlarını nəzərdə tuturam”.
782