Oktyabrın 3-də əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov bu il mötəbər beynəlxalq yarışlarda yüksək nəticələr göstərmiş yeniyetmə və gənc cüdoçularla görüşüb. Federasiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə bu il beynəlxalq səviyyəli yarışlarda ölkəmizi uğurla təmsil etmiş cüdoçular mükafatlandırılıb.
Qeyd olunub ki, yeniyetmə və gənclərdən ibarət yığmalarımız ötən dövrdə Beynəlxalq Cüdo Federasiyasının təqvimində olan ən önəmli yarış və çempionatlarda 66 medal qazanıblar. O cümlədən, yeniyetmə cüdoçularımız 17 qızıl, 13 gümüş, 11 bürünc, gənc cüdoçularımız isə 8 qızıl, 2 gümüş, 15 bürünc medal əldə ediblər.
Estoniyanın paytaxtı Tallində keçirilmiş yeniyetmələrin Avropa çempionatında komandamız 2 qızıl, 2 gümüş, 2 bürünc medalla 40 ölkə arasında 3-cü olub. ABŞ-ın Mayami şəhərində keçirilmiş dünya çempionatını isə millimiz 1 qızıl, 1 gümüş medalla 91 ölkə arasında 7-ci yerdə başa vurub. Eyni zamanda iki cüdoçumuz 2014-cü ildə Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Gənclərdən ibarət yığmamız isə Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərindəki Avropa çempionatında 2 qızıl, 3 bürünc medalla 43 ölkə arasında 3-cü yeri tutub. İndi millimizi 24 - 27 oktyabrda Sloveniyanın paytaxtı Lyublyanada dünya çempionatı gözləyir.
Qeyd edək ki, Füzuli Ələkbərov bu yaxınlarda dünya çempionatını 1 qızıl, 1 bürünc medalla başa vurmuş əsas millimizi də mükafatlandırıb.