Fövqəladə Hallar Nazirliyi (FHN) İdman Sağlamlıq Klubunun may ayına nəzərdə tutulmuş 5 günlük mini futbol çempionatı başa çatıb. FHN-dən Lent.az-a verilən xəbərə görə, çempionatın qalibi Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) komandası olub.
Çempionatda nazirliyin müxtəlif qurumlarından 24 komanda və 300 nəfərə yaxın iştirakçı çıxış edib. Komandalar 4 qrupa bölünüb. A və B komandaları XRXX-nin, C və D komandaları isə oyunlarını Mülkü Müdafiə Qoşunlarının (MMQ) stadionunda keçirib. Hər qrupda 1-ci və 2-ci yeri tutan komandalar növbəti, ¼ final mərhələsinə adlayıb.
Yarımfinala XRXX, Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) və MMQ komandaları çıxıb.
3-cü yer uğrunda DYMX – DSXX görüşündə yanğınsöndürənlər qalib olub. MMQ-nin stadionunda keçirilən XRXX – MMQ finalında isə birincilər 8-1 hesablı qələbə qazanaraq çempion olublar. Yarışda ümumilikdə, 68 oyun keçirilib.
Çempionatın bombardiri XRXX komandasından Fakir Məhərrəmov olub.
Sonda İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev yarış haqqında danışıb: “Elə iştirakçılar var ki, gələcəkdə Azərbaycan yığma komandasının üzvü ola bilərlər. Yüksək nəticə göstərə bilən oyunçulardan ibarət Fövqəladə Hallar Nazirliyinin mini futbol komandasını yaradıb, daxili və qismət olarsa, beynəlxalq yarışlarda iştirakına təminat yaratmaq barədə düşünürük”.