Türkiyənin “Qalatasaray” futbol komandasında baş məşqçi postuna əsas namizəd açıqlanıb. Lent.az-ın məlumatına görə, Fatih Terimin istefaya göndərilməsindən sonra bu posta Roberto Mançininin gətiriləcəyi bildirilir.
Artıq italiyalı mütəxəssislə böyük ölçüdə anlaşma əldə edilib. Mançininin özü “Vatan” qəzetinə açıqlamasında “sarı-qırmızılar”dan təklif aldığını və sentyabrın 26-da klub prezidenti Ünal Aysalla İtaliyada görüşəcəyini söyləyib. Onun sözlərinə görə, əvvəllər də menecerlər vasitəsilə “Cim-Bom”dan təkliflər alıb. İndi isə Aysalın özü 49 yaşlı mütəxəssislə görüşmək istəyib. Mançini deyib ki, razılıq əldə olunsa, sentyabrın 27-də klub prezidenti ilə birgə İstanbula gələcək. Onunla 2 illik müqavilə bağlanılacağı gözlənilir.
Qeyd edək ki, Roberto Mançini “Qalatasaray”a baş məşqçi təyin olunsa, 12 il öncə olduğu kimi, yenidən Fatih Terimi əvəzləyəcək. Terim 2001-ci ildə İtaliya “Fiorentina”sını tərk edərkən, onun yerini Mançini tutub. Sonradan italiyalı mütəxəssis “Latsio” və “İnter”ə də rəhbərlik edib və 2008-ci ildə öz ölkəsinin ən yaxşı baş məşqçisi seçilib. O, 2011-2012-ci il mövsümündə isə “Mançester Siti”ni 42 illik fasilədən sonra İngiltərə çempionu edib. Lakin növbəti il Mançini uğursuz nəticələr göstərməsi səbəbindən istefaya göndərilib.