““Real”la qarşılaşdıqdan sonra önümüzdə daha 5 matçımız olacaq. Qazanacağımız xal, ya da xallar qarşıdakı oyunlarımıza təsir edəcək”. Apasport.az saytının məlumatına görə bu sözləri sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Real”la qarşılaşacaq “Qalatasaray”ın baş məşqçisi Fatih Terim bu gün İstanbulda keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bu oyunda uduzsaq belə qrupdakı şanslarını itirməyəcəklərini bildirib: “Məğlub olsaq belə bu, qrupdan çıxmaq şansımızı itirdiyimiz demək deyil. Bu bizim ən böyük fərqimizdir. Rəqimiz böyük miqdarda pullar xərcləyərək səviyyəli transferlər reallaşdırdı. Dünyanın ən yaxşı iki futbolçusundan biri – Ronlardo onların heyətindədir. Həmçinin Qaret Beyl də önəmli transferdir. Bunlardan əlavə Di Maria, Benzema, Ramos, Kasilyas kimi güclü futbolçuların adlarını çəkə bilərik. Biz də “Türk Telekom Arena”da qalib gəlmək istəyirik. Bunlara baxmayaraq, hər kəslə başa-baş mübarizə apara bilərik. Heç kim “Qalatasaray”ı asan rəqib hesab etməsin. Komandamız məğlub olsa belə sona qədər mübarizə aparacaq. İnşallah, sabah layiqli oyun göstərəcəyik”.