Ermənistanın “Mika” klubunun futbolçusu Ayk Qalstyanın İspaniya “Atletiko”sunun yeniyetmələrdən ibarət komandasına keçidinin qarşısı alınıb. Lent.az-ın məlumatına görə, bu barədə “Mika”nın mətbuat katibi Aşot Martirosyan “news.am”a açıqlama verib.
O bildirib ki, A. Qalstyanın transferi ilə klub rəhbərliyi və futbolçunun atası məşğul olur. “Atletiko”nun bu oyunçunu avqustun 15-də çağıracağı gözlənilsə də, sonradan gözləməsini xahiş ediblər. Lakin heç bir səbəb göstərilməyib: “Ayk yetkinlik yaşına çatmadığından, sənədləşmə işlərinin asanlıqla həlli mümkün deyil. Valideynlərdən biri onunla getməlidir. Bizim futbolçu onların çox xoşuna gəlib. Hazırda gözləmə mövqeyindəyik”.
A. Qalstyanın “Mika” ilə 2014-cü ilədək anlaşması var. Onun keçidi baş tutsa, “Atletiko” Ermənistan klubuna kompensasiya ödəməli olacaq. Lakin Martirosyan məhz kompensasiya üzündən keçidin yubanma variantını təkzib edib: “Bu, ümumi qaydadır və heç bir problem yarada bilməz”.
Qeyd edək ki, “Atletiko”nun baş sponsoru Azərbaycan tərəfidir. Bu səbəbdən, klubun formalarının üzərində “Azerbaijan Land of Fire” (“Azərbaycan – Odlar Yurdu”) sözləri yazılıb.