Dünyanın gözü Argentina paytaxtında
04 sentyabr 2013 12:22 (UTC +04:00)

Dünyanın gözü Argentina paytaxtında

Sentyabrın 4-də Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsi (İOC) İcraiyyə Komitəsinin iclası və İOC-un 125-ci Sessiyası işə başlayacaq. Lent.az-ın məlumatına görə, bir həftəyədək davam edəcək toplantıya Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da yollanacaq.

 

A. Rəhimov tədbiri İOC-un xüsusi qonağı qismində izləyəcək. O, İOC üzvü olmadığından, səsvermə prosesində iştirak etməyəcək.

 

Proqrama əsasən, ilk 2 gün ərzində İOC İcraiyyə Komitəsinin iclası baş tutacaq. Sentyabrın 5-də qurumun hazırkı prezidenti Jak Rogge səlahiyyət müddətinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirəcək.

 

Sentyabrın 6-da 2020 və 2024-cü il Yay Olimpiya Oyunlarının proqramına salınmağa namizəd növlər (güləş, softbol və skvoş) üzrə beynəlxalq federasiyaların rəhbərləri mətbuat konfransı keçirəcək və İOC-un 125-ci Sessiyasının açılış mərasimi təşkil ediləcək. 

 

Sentyabrın 7-də günün birinci yarısında 2020-ci il Yay Olimpiya Oyunlarını təşkil etməyə namizəd şəhərlərin – İstanbul (Türkiyə), Tokio (Yaponiya) və Madridin (İspaniya) təqdimatı və mətbuat konfransları olacaq. Günortadan sonra – yerli vaxtla 15:45 – 16:00-da (Bakı vaxtı ilə 23:45 – 24:00) səsvermə və seçki, 17:00 – 17:30-da (8 sentyabr gecə saat 01:00 – 01:30) qalib şəhərin adının açıqlanma mərasimi nəzərdə tutulub.

 

Sentyabrın 8-də isə 2020 və 2024-cü il olimpiadalarının proqramına salınmağa namizəd növlərin - güləş, softbol və skvoşun təqdimatı, Bakı vaxtı ilə saat 20:00 – 20:45-də isə səsvermə keçiriləcək. Səsvermə nəticəsində bu növlərdən biri proqrama daxil ediləcək.

 

Növbəti 2 gün ərzində İOC komissiyaları və rəhbərliyinin hesabatı dinləniləcək. Tədbir sentyabrın 10-da İOC-a 9-cu prezidentin, eləcə də vitse-prezident, İcraiyyə Komitəsinin yeni üzvlərinin seçkisi ilə yekunlaşacaq.

 

Qeyd edək ki, İOC-un yeni prezidenti postuna Sergey Bubka (Ukrayna), Tomas Bax (Almaniya), Nq Ser Mianq (Sinqapur), Çinq Kuo Vu (Tayvan), Riçard Kerrion (Puerto-Riko) və Denis Osvald (İsveçrə) iddialıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998
avatar

Oxşar yazılar