Dünya çempionatında daha bir medal
08 may 2013 11:16 (UTC +04:00)

Dünya çempionatında daha bir medal

Perunun paytaxtı Limada keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyində Azərbaycan yığmasının daha bir üzvü medal qazanıb. Lent.az-ın məlumatına görə, bu dəfə Nicat Rəhimov gümüş medala sahib olub.

 

77 kq çəki dərəcəsində çıxış edən yeniyetmələr arasında olimpiya çempionumuz birdən qaldırmada 153 kq-ı iki cəhddə ram etsə də, üçüncü yanaşmasında 158 kq-ın öhdəsindən gələ bilməyib. Nəticədə Rəhimov bu hərəkətdə kiçik bürünc medalla kifayətlənib. Təkanla qaldırmada isə idmançımız əvvəlcə 185 kq, sonra isə 187 kq çəkini başı üzərinə qaldırıb. Lakin onun son yanaşmasında 192 kq-la çempionluq cəhdi alınmayıb və atletimiz kiçik gümüş medal qazanıb. Toplamda isə 340 kq (153 kq + 187 kq) nəticə ilə Rəhimov gənclər arasında dünya çempionatının gümüş medalına sahib çıxıb.

 

Ötən gün mübarizəyə qoşulmuş daha bir ağırlıqqaldıranımız Elxan Əliquluzadə də 77 kq çəki dərəcəsində mübarizə aparıb. O, birdən qaldırmada 140 kq-ın öhdəsindən gəlsə də, 145 kq və 147 kq çəkili ştanqı ram edə bilməyib. Birinci yanaşmadan sonra aldığı zədə idmançımıza bu hərəkətdə ancaq 7-ci olmaq imkanı verib. Ancaq ağrılar üzündən təkanla qaldırma hərəkətinə çıxa bilməyən Əliquluzadə yarışı yarımçıq bitirmək məcburiyyətində qalıb.

 

Qeyd edək ki, daha öncə Azərbaycan milli komandasının üzvlərindən Valentin Xristov (62 kq) qızıl, Firudin Quliyev (69 kq) bürünc medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2064
avatar

Oxşar yazılar