İspaniya “Atletiko”sunun futbolçusu Dieqo Kosta İngiltərənin “Çelsi” klubu ilə müqavilə bağlamağa razılıq verib. Lent.az-ın məlumatına görə, bu barədə rəsmi açıqlama olmasa da, klublar arasında anlaşmanın əldə olunduğu bildirilir.
Transfer məbləği 75 milyon funt təşkil edəcək. Pulun böyük hissəsi agentlərə ödəniləcək. “Atletiko” isə cəmi 35 milyon funt qazanacaq. 26 yaşlı hücumçu “Çelsi”də həftəsinə 150 min funt qazanacaq. Hazırda onun əmək haqqı 3 dəfə azdır. “Atletiko”nun baş məşqçisi Dieqo Simeone anlaşmanı şərh edərkən, hər şeyin yalnız Kostadan asılı olduğunu bildirib. O deyib ki, istənilən qərarı dəstəkləməyə hazırdır.
Qeyd edək ki, Dieqo Kosta “Atletiko”ya 2010-cu ildə İspaniyanın digər klubu “Valyadolid”dən keçib. O, 2012-ci ildə “Rayo Valyekano”da icarədə olub. Bu mövsüm Kosta İspaniya çempionatında 27, İspaniya Kubokunda 1, Çempionlar Liqasında isə 8 qol vurub.