Deputat həmkarının oğluna qəzəbləndi
23 fevral 2014 00:05 (UTC +04:00)

Deputat həmkarının oğluna qəzəbləndi

“Deputat həmkarım Elton Məmmədovun oğlu Elnur Məmmədovun keçirdiyi turnir nə etik çərçivələrə, nə də müvafiq qanunlara uyğundur”. “Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev “facebook” şəbəkəxsindəki səhifəsində yazıb. 

 

Deputat son günlər ondan fevralın 23-də Bakıdakı kikboksinq turnirini kimin keçirdiyini soruşduqlarını qeyd edib: “ Bir daha rəsmən bəyan edirəm. “K-1” döyüş növü üzrə dünya “Qran-pri” yarışları guppultulu adı verilən qondarma turnirin Azərbaycan Kikboksinq Federasiyası ilə heç bir bağlılığı yoxdur. Nə federasiya, nə də federasiya nəzdindəki idmançılar bu turnirdə iştirak edəcəklər. Birincisi, bizi məramı və hədəfi bəlli olmayan turnirə nə dəvət edən, nə də bizimlə məsləhətləşən olub. Deputat həmkarım Elton Məmmədovun oğlu Elnur Məmmədovun keçirdiyi turnir nə etik çərçivələrə, nə də müvafiq qanunlarımıza uyğundur. Bu ona bənzəyir ki, kimsə yeni yaradılan Qolf Federasiyasının icazəsini və rəyini nəzərə almadan Bakıda hansısa qolf turniri keçirir. Görəsən, Qolf Federasiyasının rəhbərliyinin həmin qondarma turnirə münasibəti necə olar?”

 

 

Deputat qeyd edib ki, indi də Kikboksinq Federasiyasının 23 fevralda keçiriləcək tədbiri pozmağa çalışdığı barədə şayiə yayır: “Bu, böhtan, təxribat xarakterli iddiadır, Kikboksinq Federasiyasına qarşı qarayaxmadır. Bir daha xatırladıram ki, bəzilərindən fərqli olaraq Kikboksinq Federasiyası Azərbaycan qanunlarına tabedir, o cümlədən beynəlxalq idman qaydalarına riayət edir. Biz Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstəririk, başqalarını da qanunlarımıza riayət etməyə çağırırıq”.

 

 

Deputat vurğulayıb ki, İdman və Gənclər Nazirliyi kikboksinq yarışlarını keçirməyi onun rəhbərlik etdiyi federasiyaya həvalə edib: “Federasiyamızın nəzdində 100-ə yaxın klub var və biz bu klubların fəaliyyətinə nəzarət edir, onlara hər cür dəstək veririk. Bu klublar Federasiyanın bayrağı altında turnirlər təşkil edirlər. Buna görə də həmin klublar Federasiyanın qaydalarına tabedirlər. Başqa idman federasiyaları və onların çoxsaylı klubları da məhz bu şəkildə fəaliyyət göstərir, nizam-intizama tabe olurlar. Bu, bir turnirlik iş deyil, sistemli fəaliyyətdir”.

 

A.Əliyev qeyd edib ki, Kikboksinq Federasiyası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib: “Buna görə də kimsə bizim məsləhətimiz olmadan, özbaşına kikboksinqin “k-1” versiyası üzrə hansısa turnir keçirirsə, bununla Azərbaycan qanunlarına hörmətsizlik nümayiş etdirir. Bu yolla dövlətimizin uğurla həyata keçirdiyi idman siyasətinə də kölgə salmağa təşəbbüs göstərirlər”.

 

Deputat turnirin 23 fevralda keçirilməsini də pisləyib: “Dövlətimiz ölkədə və beynəlxalq aləmdə Xocalı soyqırımının 22-ci ildönümünə hazırlaşarkən, matəm tədbirləri planlaşdırarkən, belə bir ərəfədə Bakıda turnir təşkil etmək, başqa ölkələrdən qonaqlar dəvət edərək, deyib-gülmək, qaliblərə əl çalmaq, ardınca da gurultulu mərasim keçirmək və buna böyük pullar xərcləmək hansı məntiqə sığar? Yaxşı olmazdımı həmin pulları mənasız turnirə deyil, xalqımızın acı gününün beynəlxalq aləmdə tanıtdırılmasına xərcləyərdiniz? Göründüyü kimi, suallarımız çoxdur, icazəsiz turnir keçirənlərdən isə indiyə qədər məntiqli cavab almamışam”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2664
avatar

Oxşar yazılar