“Barselona” klubunun futbolçusu Daniel Alves İspaniya çempionatının 35-ci turunda “Vilyarreal”la oyun zamanı ona atılan bananla bağlı epizodu şərh edib. Lent.az-ın məlumatına görə, braziliyalı müdafiəçi həmin meyvədən güc aldığını bildirib.
Alves deyib: “Fikrimcə, o banan məni yalnız güclü etdi. “Barselona” bundan sonra nəinki hesabı bərabərləşdirdi, hətta qələbə qazandı”.
Qeyd edək ki, Daniel Alvesə banan “Vilyarreal” 2:1 hesabı ilə öndə olduğu vaxt atılıb. “Sambaçı” isə irqçilik əlaməti olan meyvəni yerdən götürərək, yeməyə başlayıb. Həmin vaxt ikinci hissənin əvvəlləri olub. Qalan müddətdə “Barselona” 2 qol vuraraq, qələbəyə nail olub – 3:2.