Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Gənclər və İdman Nazirliyi ilə birgə Qusarda donmuş şəlalələrdə keçirdiyi Buzadırmanma üzrə Respublika Çempionatı başa çatıb. Çempionatda, ümumilikdə 100-dən artıq idmançı iştirak edib. Federasiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu idman növünə gənclərin böyük marağını nəzərə alaraq çempionat iki hissədə keçirilib. Belə ki, çempionatın I hissəsi 01-02 fevral tarixlərində baş tutub. Bu hissədə oğlanlar və qızlar arasında təşkil olunmuş sürət və çətinlik mərhələləri üzrə təsnifat-seçim yarışlarını müvəffəqiyyətlə keçən idmançılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıb.
08-09 fevral 2014-cü il tarixlərində isə Çempionatın II hissəsi - təsnifat-seçim, yarımfinal-final mərhələləri keçirilib.
Şaxtalı hava şəraitinə baxmayaraq, yüksək səviyyədə təşkil olunan çempionatda idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qətiyyət, məharət və ustalıq nümayiş etdiriblər.
Buzadırmanma üzrə Respublika Çempionatında komandalararası yarışda ümumi nəticələrə görə Fövqəladə Hallar Nazirliyinin “Ekstremal” idman komandası I, FAİREX-in “Salavat” komandası II, FAİREX-in “Zirvə” komandası isə III yerə çıxıb.