Bu gün Avropa Liqasının final oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qalibi İtaliyanın Turin şəhərində müəyyənləşəcək.
Kubokun sahibi Pireney derbisində bəlli olacaq. Həlledici qarşılaşmada İspaniya və Portuqaliya təmsilçiləri münasibətlərini ayırd edəcək.
“Sevilya” tarixində 3-cü dəfə bu yarışın qalibi olmaq iddiasındadır. 2005/06 və 2006/07 mövsümlərində UEFA kubokunu qazanan ispaniyalılar Avropa Liqasının yeni adı ilə kuboku başı üzərinə qaldırmayıb. Onlar qalib gələcəyi halda İspaniya avrokubok mövsümünü “dubl”la bitirəcək. Çünki Çempionlar Liqasında finalda bu ölkənin 2 təmsilçisi oynadığından kubok onların olacaq.
“Benfika” isə Qutman lənətindən qurtulmağa növbəti cəhd edəcək. 1960/61 və 1961/62 mövsümlərində Çempionlar kubokunu əldə edən portuqaliyalılar 52 ildi avrokubok qazanmır. Həmin vaxt macar məşqçisi Qutmanı istefaya göndərən Lissabon təmsilçisi o vaxtdan 7 dəfə finala çıxsa da qalib gələ bilməyib. Turindəki final onlar üçün ardıcıl 2-ci belə matçdır.
Avropa Liqası
Final: 14 may 23:45.
“Sevilya” (İspaniya) – “Benfika” (Portuqaliya)
Baş hakim: Feliks Brix (Almaniya)
Turin. “Yuventus” stadionu