Türkiyənin Bolu şəhərində hazırlığını davam etdirən “Neftçi” PFK üçüncü yoxlama oyununda Səudiyyə Ərəbistanının “Al Qadisiyah” klubuna 3:1 hesabı ilə qalib gəlib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev görüşdən sonra klubun rəsmi saytına açıqlama verib.
Hacıyev rəqibi tanımadıqlarını bildirib: “Bizim üçün qapalı sandıq idi. Hesabda geri düşsək də, futbolçularımız 3 qol vura bildilər. Ümumiyyətlə, çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. Bununla belə, komandanın hazırlığından razıyam. Əsas məqsədimiz iyulun 17-də keçiriləcək Avroliqadakı ilk oyunumuza hazırlıqdır və bu yöndə də işlərimiz gedir. Azarkeşlər bu mövsüm də “Neftçi”nin timsalında mübariz bir komanda görəcəklər”.