Bakı-2015 I Avropa Oyunlarında cüdo yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün daha 4 çəki dərəcəsində medalçılar məlum olacaq.
Azərbaycan yığmasının 5 cüdoçusu çəki dərəcəsində mübarizə aparacaq. 2 çəkidə təmsil olunmayacağımız halda, 2 çəkidə 2 idmançımız tatamiyə çıxacaq.
Kişilər
73 kq
Azərbaycanı bu çəkidə təmsil edən Rüstəm Orucov 1/32 final mərhələsini azarkeş kimi izləyib. O, 1/16 finalda Kristofer Voelkə (Almaniya) qalib gələn Yaromir Yezeklə (Çexiya) qüvvəsini sınayıb. Yay Olimpiya Oyunlarının iştirakçısı döyüşə inamlı başlasa da, yekunda məğlubiyyətə üzülüb. O, 86-cı saniyədə ippona düşüb.
Qadınlar
63 kq
Bu çəkidə iki idmançımız çıxış edir və hər ikisi 1/16 finaldan mübarizəyə başlayıb. Xanım Hüseynova Makedoniya cüdoçusu Nikolosko Katerina ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən döyüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Hüseynova son saniyələrdə tətbiq etdiyi yuko sayəsində 2:1 hesabı ilə qalib gəlib. O, 1/8 finalda fransalı dünya çempionu Klariss Aqbenenu ilə üz-üzə gələcək.
*****
Yığmamızın bu çəki dərəcəsində digər cüdoçusu Nuriyyə Axundova kifayət qədər təcrübəli Aqata Ozdoba (Polşa) ilə qarşılaşıb. Lakin döyüş həmyerlimiz üçün uğursuz alınıb. Axundova rəqibi qarşısında cəmi 21 saniyə tab gətirə bilib.
70 kq
Azərbaycan yığması bu çəkidə də iki cüdoçu ilə təmsil olunub. Millimizin üzvü Nərgiz İbrahimova 1/16 finalda özündən 10 yaş kiçik olan xorvatiyalı Barbara Matiçi sınağa çəkib. Təəssüf ki, o startdaca Oyunlara vida edib. İbrahimova 61-ci saniyədə ipponla uduzub.
*****
Gənc idmançımız Validə Mirzəzadə də ümidləri doğrultmayıb. 1/16 final mərhələsində özündən 7 yaş böyük olan Roksana Teymansla (Belçika) qarşılaşan həmyerlimiz döyüşü sonadək davam etdirə bilməyib. O, 112-ci saniyədə ipponla mübarizəni dayandırıb.
Qeyd edək ki, cüdo yığmamız yarışın ilk günündə 1 gümüş medal qazanıb. 60 kq çəki dərəcəsində Orxan Səfərov yalnız finalda məğlub olub.
Bu gün eyni zamanda boks yarışları da davam etdiriləcək. Kişi boksçular 7, qadın idmançılar 3 çəkidə mübarizəni davam etdirəcək.
10 çəki dərəcəsinin 5-də yarımfinal, 5-də final qarşılaşmaları keçiriləcək. Aktivində 1 qızıl və 3 bürünc medal olan yığmamızın bu gün daha 7 boksçusu rinqə çıxacaq. Onlardan 5-i yarımfinal, 2-si isə final görüşündə qüvvəsini sınayacaq.
Kişilər
52 kq
Boks yığmamıza ikinci qızıl medalı Elvin Məmişzadə qazandıra bilər. 23 yaşlı idmançımız həlledici döyüşdə özündən 8 yaş böyük olan italiyalı Vinçenzo Pikkardi ilə üz-üzə gələcək. Final qarşılaşması saat 18:45-ə təsadüf edəcək.
60 kq
Təcrübəli boksçumuz Albert Səlimov yarımfinalda gənc rəqibi Sin Makkombu (İrlandiya) sınağa çəkəcək. 1/4 finalda bolqarıstanlı Elian Dimitrovu mübarizədən kənarlaşdıran idmançımız finala gedən yolun son görüşünə saat 13:00-da çıxacaq.
64 kq
Finala qədər döyüşdüyü 4 rəqibini də böyük hesabla üstələyən Lorenzo Sotomayoru həlledici görüşdə güclü rəqib gözləyir. O, London-2012-nin bürünc medalçısı Vinçenzo Manqiakapre ilə qüvvəsini sınayacaq. Həlledici döyüş saat 19:15-də baş tutacaq.
69 kq
Daha bir qızıl medal ümidimiz Pərviz Bağırov da finala vəsiqə üçün döyüşəcək. Onun yarımfinaldakı rəqibi böyük britaniyalı Joş Kelli olacaq. Avropa çempionumuz rinqə saat 13:15-da çıxacaq.
75 kq
Millimizin aparıcı üzvlərindən Xaybula Musalov saat 14:15-də yarımfinal görüşünə çıxacaq. Boksçumuz Macarıstan təmsilçisi Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirəcək.
91 kq
Azərbaycanın daha bir təmsilçisi Abdulqadir Abdullayev də bu gün finala vəsiqə qazanmağa çalışacaq. O, çempionluq yoluna davam etmək üçün rusiyalı Sadam Maqomedovlə döyüşəcək. Qarşılaşma saat 14:30-da olacaq.
Qadınlar
60 kq
Bu çəkidə inamla irəliləyən Yana Alekseyevna yarımfinalda olduqca çətin rəqiblə qarşılaşacaq. Təmsilçimiz London Olimpiadasının qalibi Keti Teylorla döyüşəcək. İrlandiyalı boksçu ilə görüş 12:45-ə təsadüf edəcək.