Futbol üzrə Azərbaycan çempionatının I divizionunda mübarizə aparan “Şuşa” klubu mayın 8-də Şəhidlər Xiyabanında olub. Lent.az-ın məlumatına görə, ziyarət Şuşa şəhərinin işğalının 21-ci ildönümünə təsadüf edib.
Şəhidlərin məzarlarını klubun icraçı direktoru Azəri Hüseynov, baş məşqçi Nadir Qasımov və futbolçular ziyarət ediblər. “Şuşa”da prezident postu isə hələ də boşdur. Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, bu vəzifəni klubu himayəyə götürəcək şəxsə etibar edə bilərlər. Amma hələ də komandaya yaxın duran tapılmır: “Bizə söz verənlər çox olsa da, real iş görən yoxdur. Bir ara ev oyunlarımızı Ağdamın Quzanlı stadionunda keçirməyə qərar verdik. Amma həmin stadionun ot örtüyündə, eləcə də Bakıdan ora gediş-gəlişdə problemlər ortaya çıxdı. Buna görə də rəqiblərimizi yenidən “Şəfa” stadionunda qəbul etməli olduq. Belə davam etsə, növbəti mövsümdə də iddialı ola bilməyəcəyik, yenə turnir cədvəlinin orta pillələrində var-gəl edəcəyik”.
Qeyd edək ki, I divizionda 24 turdan sonra “Şuşa” 23 oyuna 22 xalla 13 komanda arasında 8-ci pillədə qərarlaşıb.