Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev Norveç “Molde”si ilə Avropa Liqasının “pley-off” mərhələsinin cavab görüşündə Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun çıxışından razı qalıb. Lent.az-ın məlumatına görə, bu barədə Berdıyev 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.
Təcrübəli mütəxəssis ad çəkməsə də, oyun praktikası olmayan futbolçuların onu qane etdiyini bildirib: “Şadam ki, uşaqlar matça tam məsuliyyətlə yanaşdılar. Biz praktikası olmayanlara oynamaq şansı verdik. Ümumi götürdükdə, məmnunam”.
Qeyd edək ki, Ruslan Abışov 64-cü dəqiqədə Bibars Natxonun əvəzinə meydana daxil olub. Həmin vaxt “Rubin” 2:0 hesabı ilə öndə olub. Qalan vaxtda daha bir qol vuran kazanlılar “Molde”ni darmadağın ediblər – 3:0. İlk görüşdə də 2:0 hesablı qələbə qazanmış “Rubin” Avroliqanın qrup mərhələsinə yüksəlib.