Anatoli Banişevski adına Masallı şəhər stadionunun yenidən qurulması “Xəzər Lənkəran”ın yox, “Palmali” Şirkətlər Qrupunun layihəsidir. Bu barədə Lent.az-a klubun və şirkətin rəsmisi Tuyqun Nadirov məlumat verib.
O bildirib ki, layihənin həyata keçirilməsi stadion ətrafındakı vəziyyətlə əlaqədar ləngiyib: “Arenanın çölündə kommunikasiya şəraiti, hətta maşınların keçməsi üçün yer yox idi”.
Nadirov bildirib ki, Masallı şəhər stadionu ilə bağlı plan mərhələli şəkildə həyata keçiriləcək. Stadion isə müasir tələblərə uyğun yenidən qurulacaq. “Xəzər Lənkəran” rəsmisi idman qurğusundan gələcəkdə təkcə “Xəzər Lənkəran”ın deyil, arzu edən hər bir komandanın yararlana biləcəyini əlavə edib.
Qeyd edək ki, Azərbaycanın mərhum futbolçusu Anatoli Banişevskinin adını daşıyan Masallı şəhər stadionundan vaxtilə yerli “Viləş” komandası ev arenası kimi yararlanıb.