Bakıda Dövlət Bayrağı Meydanı yaxınlığında İdman Dırmanması üzrə Dünya Kuboku yarışının açılış mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, yarışın açılışında çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb. O, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Nazir, bu gün start verilən idman dırmanması üzrə Dünya Kubokunun əhəmiyyətindən söz açıb və idmançılara uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti Hüseyn Bağırov Azərbaycanda idman dırmanması üzrə keçirilən bu beynəlxalq tədbir münasibətilə bütün iştirakçıları təbrik edib və yarışa qatılanlara uğurlar arzulayıb. O qeyd edib ki, Azərbaycanda idman dırmanması üzrə Dünya Kuboku yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin idman şöhrətindən xəbər verir və ölkə idmanı tarixində önəmli hadisədir.
Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) nümayəndəsi Qremi Alderson isə çıxışında Azərbaycanda bu beynəlxalq yarışın keçirilməsi üçün yaradılan şəraitdən razı qaldığını və yarışa hazırlıq səviyyəsinin beynəlxalq standartlara tam cavab verdiyini deyib.
Xatırladaq ki, dünyanın 22 ölkəsindən (Amerika Birləşmiş Ştatları, Kanada, Rusiya, Yaponiya, Çin, Avstraliya, Almaniya, İtaliya, Norveç, İspaniya, İngiltərə, Niderland, Avstriya, Polşa, Çexiya, Türkiyə, İran, Gürcüstan və s.) 150-yə yaxın idmançının iştirak etdiyi beynəlxalq yarışda ölkəmizi FAİREX-dən olan 6 oğlan və 4 qız olmaqla 10 idmançı təmsil edir.