Bakıda Dünya Kubokunun açılış mərasimi keçirilib
14 mart 2019 13:02 (UTC +04:00)

Bakıda Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
 
ONA-nın məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan mərasimdə öncə iştirakçı 41 ölkənin bayrağı zala gətirilib.
 
Ardınca Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. O, son illərdə ölkəmizin bir sıra dünya səviyyəli yarışlara ev sahibliyi etdiyini bildirib: “İdman sahəsindəki uğurların müəllifi ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Məhz onun fəaliyyəti sayəsində indi ölkənin bütün bölgələrini əhatə edən olimpiya mərkəzlərində, idman klublarında gənclərin idmanla məşğul olması, göstəricilərini yaxşılaşdırması üçün hər cür şərait yaradılıb. Sevindiricidir ki, Azərbaycan üçün əvvəllər ənənəvi idman növü sayılmayan gimnastika indi inkişaf edir. Bizim kişi və qadın idmançılar ölkəmizi gimnastikanın müxtəlif növlərindəki beynəlxalq yarışlarda uğurla təmsil edirlər”.
 
Y. Məmmədəliyev qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın daim diqqət və qayğısı sayəsində gənclər və yeniyetmələr arasında gimnastikanın populyarlığı daha çox artıb. Onun sözlərinə görə, bu idman növü ilə məşğul olanların sayında da ildən-ilə artım nəzərə çarpır.
 
O bildirib ki, Bakı artıq dünyanın gimnastika mərkəzlərindən birinə çevrilib: “Təkcə bu il Bakıda gimnastika üzrə 7 beynəlxalq yarış olacaq”.
 
Natiq Azərbaycana gələn bütün idmançılara uğurlar arzulayıb. O vurğulayıb ki, Dünya Kuboku qonaqlara bir-birini tanımağa, ölkəmizin mədəniyyəti ilə tanış olmağa imkan yaradacaq: “Əminəm ki, qədim Azərbaycan torpağında keçirilən bu bir neçə gün sizin yaddaşınızda silinməz izlər buraxacaq. Qazanacağınız nəticələrin isə sülhün, xalqlararası dostluğun inkişafında əvəzsiz payı olacaq”.
 
O, ardınca yarışı açıq elan edib.
 
Qeyd edək ki, Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına getmək istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayır. Olimpiadaya təsnifat xarakterli yarışa 41 ölkənin ən güclüləri qatılıblar. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnastı mübarizə aparacaq. Azərbaycan millisi yarışa 4 gimnasta qatılıb. Kişilərin mübarizəsində Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov, qadınların turnirində Marina Nekrasova mükafatlar uğrunda yarışacaqlar. Təmsilçilərimizdən Ağarzayevlə Simonov 3 dəst medal, digərləri bütün mükafatlar uğrunda mübarizə aparacaqlar.
 
Dörd günlük yarışın ilk iki gün təsnifat, sonrakı iki gün final mərhələləri baş tutacaq. Yarışda ilk mükafat martın 15-də öz sahibini tapacaq. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq. Növbəti gün 5 növ üzrə finallar reallaşacaq. Kişilərin yarışında sərbəst hərəkətlər, paralel qollar, halqalar, qadınların mübarizəsində dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə “üçlük” bəlli olacaq. Dünya kubokun son günü – martın 17-də digər 5 növ üzrə ən yaxşıların adları dəqiqləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768
avatar

Oxşar yazılar