Bakı Şəhər Halqası (BŞH) “Formula-1” üzrə Azərbaycan Qran-prisində baş verən qəza ilə bağlı açıqlama yayıb.
BŞH-dan ONA-ya verilən məlumata görə, yarışın təşkilatçıları yaşananlara aydınlıq gətiriblər.
Açıqlamada bildirilir ki, bu gün keçirilən birinci sərbəst yürüş sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub: "Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Hazırda Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin lyukun təhlükəsizlik şəkildə əvəzolunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatdıqdan dərhal sonra növbəti yarış sessiyasına start veriləcək. Yeniliklər olduqca sizi tezliklə məlumatlandıracağıq”. Qeyd edək ki, artıq yürüş bərpa olunub.