Gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarının proqramına daxil olan idman növləri içərisində velosiped (şosse, MTB və BMX) də var. Lent.az-ın məlumatına görə, bununla əlaqədar “Bakı-2015” Təşkilat Komitəsi, eləcə də Azərbaycan Velosiped Idmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə hakimər üçün xüsusi kurslar keçirilib.
Avropa Oyunlarının proqramına daxil olan idman növləri arasında ilk kurslar məhz AzVİF-in təşəbbüsü ilə baş tutub. Tədbirdə federasiyanın 17 nümayəndəsi iştirak edib. Kurslara “Bakı-2015” Təşkilat Komitəsinin üzvü, Beynəlxalq Velosipedçilər Ittifaqının (UCI) beynəlxalq dərəcəli hakimi Vladimiros Petsas rəhbərlik edib.
3 gün davam etmiş tədbirin yekununda götürülən imtahanların nəticəsi ürəkaçan olub. AzVİF-in bütün üzvləri imtahanlardan uğurla keçiblər. Bu isə onlara Bakı-2015-in velosiped yarışlarında hakimlik etməyə imkan verir.