Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku Cycling Project” “Synergy Baku” növbəti yarışa yola düşüb. Azərbaycan Velosiped İdmanı Federasiyasından Lent.az-a verilən məlumata görə, kollektiv fevralın 5-də Avstraliyada start götürəcək “Herald Sun Tour” yarışında mübarizə aparacaq.
5 gün davam edəcək turnir Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyası daşıyacaq. Komandamızı almaniyalı Daniel Klemme və Kristof Şvayzer, avstraliyalı Lük Deyvison və Patrik Leyn, habelə Azərbaycan yığma komandasının üzvləri Elçin Əsədov və Tural İsgəndərov təmsil edəcəklər. 5 mərhələdən ibarət olacaq yarış Melbrunda start götürəcək. Sonrakı mərhələlər dağ yollarında davam edəcək.
Qeyd edək ki, “Synergy Baku” 2014-cü ilə Yeni Zelandiyada təşkil olunmuş çoxgünlük “Cycle Classic” veloyürüşü ilə start verib. Yeni mövsüm ərəfəsində 2 ay İspaniyanın Kalpe şəhərində təlim-məşq toplantısı keçən komandamızın üzvləri ilin ilk yarışında uğurla çıxış ediblər. Beş mərhələdən ibarət olan “Cycle Classic” turunun 143 km-lik ikinci mərhələsində Daniel Klemme liderdən cəmi bir neçə mikrosaniyə geri qalaraq finiş xəttini ikinci keçib və fəxri kürsüyə qalxıb. Maykl Şvayzer isə ikinci mərhələdən etibarən sprinterlərin mübarizəsində liderliyi ələ alıb, üstünlüyünü sonadək qoruyaraq birinci yerə və “yaşıl mayka”ya layıq görülüb.