Məşhur skripkaçı Vanessa Mey 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında idmançı kimi debüt edib. Lent.az-ın məlumatına görə, Tailand yığmasını təmsil edən Mey atasının soyadı Vanarkorn ilə mübarizə aparıb.
Vanessa Vanarkorn 4 yaşından maraqlandığı dağ xizəkçiliyinin nəhəng slalom növündə yarışıb. O, olimpiadadakı ilk yürüşündə 1 dəqiqə 44.86 saniyə nəticə ilə 74-cü yeri tutub. Növbəti yürüşdə isə 36 yaşlı idmançı 1 dəqiqə 42.11 saniyə göstərici ilə 67-ci olub. Zəif nəticəsinə baxmayaraq, Vanankorn hər iki yürüşdə finişədək irəliləyə bilib. Halbuki iki yürüşdə üst-üstə 23 idmançı finişə çata bilməyib.
Bu yürüşlərə Azərbaycan təmsilçisi Qaya Bassani Antivari də qatılmalı idi. Lakin italiyalı legioner yalnız slalomda çıxış etmək istədiyini səbəb göstərərək, nəhəng slalom mübarizəsindən imtina edib.
Qeyd edək ki, qaydalara əsasən, dağ xizəkçiləri reytinq siyahısında ilk “500-lüy”ə daxil olmayan ölkələr slalom və nəhəng slalom yarışlarında son 5 turnirdə müəyyən miqdarda xallar toplaya biliblərsə, 1 qadın və 1 kişi idmançı ilə təmsil oluna bilərlər. Vanessa Vanarkorn bir neçə həftə öncə Sloveniyada keçirilmiş turnirdə 7-ci yeri tutaraq, Soçi olimpiadasına lisenziya qazanıb.