Futbol üzrə Azərbaycan milli komandası iyunun 7-də 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirəcək. Lent. az-ın məlumatına görə, millimiz Bakıda Lüksemburq yığmasını qəbul edəcək.
“Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlanacaq. Görüşü Mihali Fabianın başçılığı altında macarıstanlı hakimlər briqadası idarə edəcək.
Artıq F qrupunda ilk 3 pillə uğrunda mübarizənin Rusiya, İsrail və Portuqaliya arasında gedəcəyi heç kimdə şübhə doğurmur. Qalan 3 ölkə təmsilçisi isə 4-cü pilləyə iddia edir. Bu baxımdan, Lüksemburqla oyun millimiz üçün xüsusi əhəmiyyətə malikdir. Hazırda 3 xalla 5-ci pillədə olan yığmamız qələbə və ya heç-heçə təqdirində Şimali İrlandiyanı keçəcək. Amma britaniyalıların hələ ehtiyatda 2 oyunu olacaq. Martın 22-də Lüksemburqda keçirilmiş görüşdə komandamız qələbəyə nail ola bilməyib – 0:0. “Cırtdanlar”la ev oyununda isə millimiz yalnız qələbəyə köklənib.
Amma hücum xəttində problemlərin olması hədəfə çatmağa müəyyən maneçiliklər törədə bilər. Ön xətt oyunçularımızdan Vüqar Nadirovla Rauf Əliyev cəza, Cihan Özkara isə zədə üzündən Lüksemburqla matçı buraxmalı olacaq. Lakin millimizin baş məşqçisi Berti Foqts və aparıcı oyunçular qələbə üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki 6 görüşdən 3 heç-heçə və 3 məğlubiyyətlə ayrılıb. Lüksemburq üzərində qazanılacaq 3 xal millimizin cari seçmə tsikldə ilk qələbəsi olacaq.