Bu il mayın 1-5-də Fransada atıcılığın sportinq növü üzrə Avropa çempionatı keçiriləcək. Azərbaycan Atıcılıq Federasiyasının (AAF) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, federasiyanın vitse-prezidenti Rasim Rzayev komandanın çempionatda 10 atıcı ilə təmsil olunacağını bildirib: “Onlardan ikisi atıcılığa yeni başlayan idmançılardır, amma onların da uğurlu nəticələr əldə edəcəyinə ümid edirik. Komandamızın tərkibindəki idmançılar arasında idman ustası və idman ustalığına namizədlər də var. Digər idmançılarımızın nailiyyətləri də az deyil. Bu yarışda idmançılarımızdan qələbə gözləyirik ”.
Vitse- prezident qeyd edib ki, Azərbaycan sportinq idman növü üzrə Kipr, Rusiya, Macarıstan, İspaniyada keçirilən çempionatlarda iştirak edib:“Sportinq üzrə Avropa çempionatının 2016-cı ildə Azərbaycanda keçiriləcəyini ümid edirik. Biz namizədliyimizi irəli sürmüşük və müsbət cavab alacağımıza inanırıq”.