Azərbaycanın 2 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında dünya çempionatının ən azı bürünc medalını özünə təmin edib. Lent.az-ın məlumatına görə, 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə aprelin 23-də keçiriləcək yarımfinalda Böyük Britaniya nümayəndəsi Məhəmməd Əli ilə qarşılaşacaq.
Komandamıza medal qazandıran digər boksçu Rüfət Hüseynovdur. 49 kq çəki dərəcəsində yarışan həmyerlimiz yarımfinal görüşündə özbəkistanlı Süleyman Latipovla üz-üzə gələcək. Superağir çəki dərəcəsində çıxış edən Məhəmmədəli Tahirov isə ¼ finalda mübarizəni dayandırıb. Milli komandamızın üzvü Rusiyanı təmsil edən Marat Kerimxanova uduzub – 0:3.
Qeyd edək ki, yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya birinciliyinə aprelin 24-də yekun vurulacaq.