Futbol üzrə Topaz Premyer Liqasında XXII turun proqramı açıqlanıb. Lent.az-ın məlumatına görə, qarşıdakı turun bütün oyunları fevralın 19-a təyin edilib.
Son 2 matçda doğma meydanı məğlub tərk etmiş “Qəbələ” indi AZAL-ın qonağı olacaq. Tura məhz bu qarşılaşma ilə start veriləcək. Lider “Qarabağ” da səfərdə oynayacaq. Rəqib isə aşkar autsayderlərdən sayılan “Rəvan” olacaq. “Neftçi” mövsümün ikinci yarısına 3 qələbə ilə başlayan “İnter”i sınağa çəkəcək.
Tura əyalətlərdə keçiriləcək 2 görüşlə yekun vurulacaq. Mustafa Dənizlinin baş məşqçi postuna gəlişindən sonra məğlubiyyət üzü görməyən “Xəzər Lənkəran” son 3 oyundan maksimum xal toplayan daha bir komanda – “Bakı”nı qəbul edəcək. Son 3 matçında xalsız qalan “Simurq” isə axırıncı 2 görüşünü heç-heçə ilə başa vurmuş “Sumqayıt”ı sınağa çəkəcək.
19 fevral (çərşənbə)
15:00. AZAL (Bakı) – “Qəbələ”
Bakı, “AZAL Arena”
16:00. “Neftçi” (Bakı) – “İnter” (Bakı)
Bakı, “Bakcell Arena”
16:00. “Simurq” (Zaqatala) – “Sumqayıt”
Zaqatala şəhər stadionu
17:00. “Rəvan” (Bakı) – “Qarabağ” (Ağdam)
Bakı, “Bayıl Arena”
17:00. “Xəzər Lənkəran” – “Bakı”
Lənkəran şəhər mərkəzi stadionu.