“Növbəti mövsüm iddialı komandalar arasında yer almaq üçün daha güclü heyət formalaşdırmalıyıq”.
Bunu Lent.az-a açıqlamasında AZAL futbol klubunun baş məşqçisi Vaqif Sadıqov deyib. O bildirib ki, 2013-2014-cü il mövsümündə 10 komanda 4 dövrəlik sistemlə mübarizə aparacağından, sonadək rəqabətə dözümlü kollektiv qurmaq lazımdır. Amma AZAL-da hansı futbolçuların qalacağına hələ də aydınlıq gəlməyib: “Komanda üzvlərindən 50 faizinin müqaviləsi başa çatır. Onlardan kimin gedəcəyi və kiminlə yeni müqavilənin bağlanılacağı bilinmir. Rəsmi olmasa da, bəzi futbolçularımızla digər klubların maraqlandığı barədə söz-söhbətlər var. Digər tərəfdən, 3-4 əcnəbi və 2-3 yerli oyunçuya ehtiyacımız var”.
Sadıqovun sözlərinə görə, sadalanan məsələlərə mayın sonlarınadək klub rəhbərliyi ilə görüşündə aydınlıq gəlməlidir. Görüşdə komandanın növbəti mövsüm üçün hədəfləri də müəyyənləşəcək.
Qeyd edək ki, AZAL bu mövsüm ilk “6-lığ”a düşə bilməsə də, ikinci “6-lıq”da indiyədək keçirdiyi 9 oyundan 8-ini qələbə ilə başa vuraraq, 7-ci pilləni təmin edib.