Futbol üzrə Topaz Premyer Liqasında mövsümün 6-cı avtoqolu qeydə alınıb. Lent.az-ın məlumatına görə, “Xəzər Lənkəran”la “Neftçi” arasında keçirilmiş matçda ilk top braziliyalı Tieqo de Xesusun avtoqolu sayəsində qeydə alınıb.
Lənkəran təmsilçisinin cənubi amerikalı yeni transferi 2:2 hesabı ilə başa çatan görüşdə erkən qolla rəqib komandanı sevindirib. Tieqo “Neftçi” ilə oyunda öz qapısına qol vuran mövsümdə ilk, çempionatlar tarixində 15-ci futbolçu olub. Paytaxt təmsilçisi isə 1-i cari mövsümdə olmaqla, ümumilikdə 10 dəfə avtoqola üzülüb.
İndiyədək 5 dəfə rəqib avtoqoluna sevinən “Xəzər Lənkəran” nəinki cari mövsümdə, ümumiyyətlə Premyer Liqa tarixində ilk dəfə öz qapısına qol vurulmasının acısını yaşayıb. Bu matçadək “ağ-yaşıllar”ın heç bir üzvü çempionatda öz qapısına qol vurmayıb. 2 komanda arasındakı oyunlar tarixində isə 2-ci avtoqol qeydə alınıb. İlk belə uğursuz “Neftçi”də oynadığı vaxt öz qapısına qol vuran Ruslan Abışov olub.
Qeyd edək ki, mövsümün ilk 19 turunda 5 avtoqol qeydə alınıb. “Sumqayıt”ın futbolçuları Adil İbrahimov “İnter”, Anar Nəzirov “Qarabağ”, “Neftçi”nin legioneri Erik Ramos “Bakı”, “Qəbələ”nin oyunçusu Amit Quluzadə “Simurq”, “Bakı”nın ispaniyalısı Mario Alvares “Sumqayıt”la oyunda öz qapısına qol vurub.