"Karate Olimpiada üçün hazır idman növüdür".
Apasport.az saytının məlumatına görə, bunu Avropa Karate Federasiyasının (AKF) prezidenti Antonio Espinos bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.
"Dünən karate üçün əhəmiyyətli gün idi. Avropa Oyunlarında nümunəvi çıxış üçün imkan yaranmışdı. Biz yaxşı nailiyyətlər nümayiş etdirdik. Göstərdik ki, karate olimpiada üçün hazır idman növüdür. Avropanın ən yaxşıları burdadır. Hətta 2 ay əvvəlki Avropa çempionatının qalibləri də. Hamıya göstərəcəyik ki, Olimpiya Hərəkatına qatılmağa hazırıq. Karate dünyasında hamı bunu istəyir. Dövlətlər, digər təşkilatlar idmanı maliyyələşdirəndə bunun Olimpiya növü olub-olmamağına baxmırlar. Lakin inkişaf edən ölkələrdə görürsən ki, heç bir idman növü maliyyələşmir. Karateyə də çox maliyyə ayrılmalıdır, gənclər arasında xüsusi iş görülməlidir. Mövcud maliyyə ilə Olimpiya ailəsinə qatılmağa hazırıq. Bu da karateni daha geniş yaymağa imkan verəcək", - deyə o qeyd edib.
A. Espinos Avropa Oyunlarının da qalibi olan Azərbaycan millisinin lideri Rafael Ağayevi əfsanəvi karateçi adlandırıb: "Onun titullarına baxsanız, buna şahid olarsınız. Karate icması da onu belə qəbul edir. O - idmanın səfiridir".