Avropa çempionatında daha 2 final!
28 iyun 2013 18:07 (UTC +04:00)

Avropa çempionatında daha 2 final!

Polşanın Poznan şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilən Avropa çempionatında yarımfinal yürüşlərinə start verilib. Lent.az-ın məlumatına görə, 1000 metr və 500 metr məsafələrə yürüşlərdə Azərbaycan təmsilçiləri də iştirak ediblər.

 

Onlardan Aleksey Kupin 1 nəfərlik kanoe qayığı ilə hər iki məsafəyə, Mirnazim Cavadov isə 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə əsas finala adlamağı bacarıb. Kupin 500 metrlik finişə yarımfinalda 2 dəqiqə 1,411 saniyəyə 1-ci çatıb. 18 yaşlı idmançımız daha öncə 1000 metr məsafəyə seçmə yürüşdə 1-ci yeri tutaraq, birbaşa əsas finala yüksəlib. Cavadov isə yarımfinalda finişə 1 dəqiqə 46,108 saniyəyə çataraq, 3-cü olub. O, ilk “3-lüy”ə düşdüyündən, əsas finala vəsiqə qazanıb.

 

23 yaşadək kanoeçilərin mübarizəsində Anatoli Melnik 500 metr, Taras Matviyçuk 1000 metr məsafələrə yürüşlərdə finala çox yaxın olublar. Yarımfinalda Melnik 2 dəqiqə 2,621 saniyə, Matviyçuk isə 4 dəqiqə 17,626 saniyə nəticə ilə 4-cü yeri tutub.

 

Yeniyetmə kayakçımız Amil Hüseynli 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə 3 dəqiqə 57,226 saniyə nəticə ilə 6-cı olub. Onun Yasin Əhmədovla təşkil etdiyi duet isə 2 nəfərlik qayıqla 500 metrlik finiş xəttinə 1 dəqiqə 45,018 saniyəyə 7-ci çatıb. Bu duet 10 – 18-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında çıxış edəcək.

 

Daha bir kayakçımız Məhəmmədtahir Hüseyniafşar 1 nəfərlik qayıqla 1000 metr məsafəni 3 dəqiqə 56,389 saniyəyə qət edərək, 8-ci olub. Hüseyniafşar da B finalında yarışacaq.

 

Nəhayət, Tamerlan Mustafayev – Aleksandr Piçugindən ibarət duet 23 yaşadək kayakçıların mübarizəsində 2 nəfərlik qayıqla 500 metr məsafəni 1 dəqiqə 50,464 saniyəyə qət edərək, 9-cu olub və mübarizəni dayandırıb.

 

Qeyd edək ki, final yürüşləri iyunun 29-da (1000 metr) və 30-da (500 metr) olacaq. Bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən kayak və kanoeçilərimiz 200 metr məsafəyə seçmə yürüşlərə başlayacaqlar.

# 326
avatar

Oxşar yazılar