Bu gün futbol üzrə Avropa kuboklarında 2013-2014-cü il mövsümünə start veriləcək. Lent.az-ın məlumatına görə, Azərbaycan klubları mübarizəyə Avropa Liqasının I təsnifat mərhələsindən başlayacaqlar.
3 təmsilçimizdən 2-si- “Xəzər Lənkəran” və “Qarabağ” eyni vaxtda səfər oyunlarına çıxacaq. Bakı vaxtı ilə saat 20:45-də Lənkəran təmsilçisi Maltada “Slima”nın qonağı olacaq. Ta Qali şəhərindəki “Centenary” stadionunda baş tutacaq matçı estoniyalı baş hakim Eyko Saar idarə edəcək. Ağdam komandası isə Makedoniyanın paytaxtı Skopyedə “Metallurq”la qarşılaşacaq. Bu oyun isə II Filip adına Milli Arenada keçiriləcək. Görüşə danimarkalı referi Lars Kristofersen təyinat alıb.
“Slima” – “Xəzər Lənkəran”
Oyundan öncə “Xəzər Lənkəran” matçın keçiriləcəyi arenada son məşqinə çıxıb. “Ağ-yaşıllar” süni örtüklü arenanın durumundan narazı qalıblar. Klub rəhbərliyi öz etirazını yerindəcə ispaniyalı UEFA nümayəndəsinə bildirib. Elə baş məşqçi Con Bencamin Toşak da qazonun durumu ilə bağlı etirazını UEFA nümayəndəsinə çatdıraraq belə bir arenada Avroliqa matçının keçirilməsinə təəssüfləndiyini söyləyib. Bir saat davam edən məşqdə futbolçular taktiki planda müxtəlif çalışmaları yerinə yetirdikdən sonra ev tapşırıqları ilə məşqi tamamlayıblar. Hazırda “Xəzər Lənkəran”ın heyətində yalnız Zoahir Benouahinin yüngül zədəsi var. Bununla belə mərakeşli futbolçu bütün məşqlərə komanda ilə birgə qatılır.
Toşak mətbuat konfransında isə görüşün çətin keçəcəyini söyləyib: “İndi komandalar üçün heç də asan vaxt deyil. Oyunçulara daha bir neçə yoxlama matçı lazımdır ki, komandaya tam uyğunlaşa bilsinlər. Bizim isə bunun üçün yetərli vaxtımız qalmadı”.
Baş məşqçi süni örtüyün baxımlı futbol üçün heç də yaxşı olmadığını, amma artıq belə meydanlara öyrəşdiklərini vurğulayıb. Uelsli mütəxəssis Avroliqada qrup mərhələsinə düşmək üçün əllərindən gələni edəcəklərinə söz verib: “Buna nail olsaq, çox sevinərik. Amma indidən hadisələri qabaqlamaq istəmirəm. Belə bir uğura imza atmaq çox çətin olacaq. Eyni zamanda onu da deməliyəm ki, “Xəzər Lənkəran” qrup mərhələsinə vəsiqə qazansa, bu, mənim üçün sürpriz olmayacaq. Mən çoxdan futboldayam və hər cür sürprizlə üzləşmişəm. “Slima”nın öz tarixi var. Bu, heç də yeni komanda deyil. Vaxtilə mən bu komanda üzərində böyük hesablı qələbəyə imza atmışam. Peşəkar karyeramdakı son qolumu da bu kluba vurmuşam. Amma istənilən halda “Slima”ya hörmətlə yanaşırıq. Çünki onlar Avropada böyük təcrübəyə malikdirlər”.
Bu, “Xəzər Lənkəran” üçün yubiley – 10-cu, Avrokuboklarda isə 7-ci mövsüm olacaq. Tarixinin ilk – 2004/2005-ci il mövsümündən sonra daha 2 dəfə avrokuboklardan kənarda qalan komanda 2006/2007 və 2009/2010-cu il mövsümləri istisna olmaqla, hər dəfə qitə səhnəsində Azərbaycanın təmsilçilərindən olub. Yubiley mövsümünün start oyunu həm də avrokuboklarda yubiley matçı olacaq. Maltadakı görüş Lənkəran təmsilçisinin qitə arenasında 15-ci matçı kimi tarixə düşəcək. Əvvəlki 6 cəhddə “ağ-yaşıllar” 14 oyuna çıxıb. Polşanın “Lex” klubu və Moldova təmsilçiləri ilə 2 dəfə rəqib olan komanda Xorvatiya, Estoniya və İsrail klubları ilə də görüşüb. İlk dəfə maltalıları sınağa çəkəcək “Xəzər Lənkəran” 14 qarşılaşmada 1 qələbə qazanıb, 6 heç-heçə edib və 7 dəfə uduzub, 12 qol vurub, 22-ni buraxıb. Komanda ilk 5 cəhddəki uğursuzluqdan sonra ötən mövsüm mərhələ adlamağı bacarıb. Bu dəfə həmin uğurun davamını gətirmək niyyətində olan “Xəzər Lənkəran” oyunlarından 2-ni Çempionlar Liqası, 12-ni Avropa Liqası (əvvəl UEFA kuboku) turnirində keçirib. Evdə 5 heç-heçə və 2 məğlubiyyəti, rəqib meydanında isə 1 qələbə və 1 heç-heçə ilə yanaşı, 5 yenilgisi olan komanda növbəti səfər qələbəsini də Maltada əldə etməyə çalışacaq.
Bu dəfə qitə arenasına komandanı uelsli baş məşqçisi Con Toşak çıxaracaq. Zəngin karyeraya malik mütəxəssis avrokuboklarda kifayət qədər komanda çıxarsa da, “Xəzər Lənkəran”la ilk dəfə qitə miqyasında olacaq. Buna qədər 14 matçda komandaya 4 məşqçi başçılıq edib. Onlar arasında ən uğurlusu Yunis Hüseynov olsa da, Toşak onun göstəricilərini yaxşılaşdırmaq imkanına malikdir. Futbolçulara gəlincə, əvvəlki 14 matçda 54 futbolçuya güvənən komandanın rekordçusu Rahid Əmirquliyevdir. 6-cı dəfə avrokubok mövsümünün iştirakçısı olacaq yarımmüdafiəçi artıq 12 qarşılaşmada meydana çıxıb. “Xəzər Lənkəran”ın qitə miqyaslı turnirlərdəki 12 qoluna isə 8 futbolçu imza atıb. Zaur Ramazanov və Branimir Subaşiçin hərəyə 3 qol vurduğu yarışlarda digər 6 oyunçu hərəyə 1 dəfə fərqlənib.
“Metallurq” – “Qarabağ”
Bu komandalar 2010-2011-ci il mövsümündə də elə Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gəliblər. Həmin vaxt Bakıda keçirilmiş ilk görüşdə “Qarabağ” rəqibini darmadağı edib – 4:1. Cavab görüşündə isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Ona görə də “Metallurq”u asan keçiləsi komanda saymaq olar. Bunu “Qarabağ”ın rəqibə yanaşmasından da hiss etmək olar. Baş məşqçi Qurban Qurbanovun komandası Skopyeyə təlim-məşq toplantısında olduğu Türkiyədən iyulun 1-də yollanıb. Hətta Qurbanov matç öncəsi təlim-məşq toplantısına da qatılmayıb. Ağdam komandasının heyətində Maksim Medvedevin zədə səbəbindən oynaya bilməyəcəyinə dair şübhələr artıq aradan qalxıb. Medvedevin matça tam hazır olduğu bildirilir.
Qeyd edək ki, Avropa Liqasındakı digər təmsilçimiz “İnter” ilk görüşünü iyulun 4-də Bakıda Finlandiya “Mariehamn”ına qarşı keçirəcək. Cavab görüşləri isə iyulun 11-də olacaq.