Avro-2015: Millimiz mübarizəyə başlayır
22 may 2014 01:08 (UTC +04:00)

Avro-2015: Millimiz mübarizəyə başlayır

Bu gün qadın voleybolçular arasında Avro-2015-in II təsnifat mərhələsinin oyunları başlayacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi 7-ci cəhdinə Bolqarıstanın paytaxtı Sofiyada start verəcək.

 

Faiq Qarayevin yetirmələri mərhələ adlamaq üçün ev sahibləri, Yunanıstan və Portuqaliya ilə münasibətinə aydınlıq gətirəcək. Azərbaycanla Bolqarıstan qrupun favoritləri hesab olunur. Düzdür, Balkan ölkəsinin millisi ilə son oyunlar Azərbaycan yığması üçün uğursuz alınıb, onlar komandamızın Avropa Olimpiya Təsnifat Turnirində də yolunda “qırmızı işıq” yandırmağı bacarıblar.

 

Lakin bu dəfə komandamızın revanş alacağı, yekunda birbaşa finala yüksələcəyi proqnozlaşdırılır. Çünki rəqib yeni baş məşqçi Vladimir Kuzyutkinin rəhbərliyi altında ilk rəsmi oyununa çıxacaq və demək olar ki, heyətdə də ciddi dəyişikliklər var. Bu, təmsilçimizin xeyrinə işləyə bilər.

 

Azərbaycan millisi isə Bakıda və Mariborda yaxşı təlim-məşq toplanışı keçdikdən sonra səfərə optimal heyətlə yollanıb. Odina Əliyeva və Valeriya Koretenko müxtəlif səbəblərdən komandada yer almasalar da, artıq onların layiqli əvəzləyiciləri var. Müvafiq olaraq, Yekaterina Jidkova, Oksana Kiselyova və ya Ceyran Əliyeva əsas heyətdə “döyüşə” atıla bilər. Hücum xəttimiz həmişəki kimi lider Natalya Məmmədovadan asılı olacaq. Onunla yanaşı, Anastasiya Qurbanova, Polina Rəhimova və Yana Ağayeva rəqibləri hər an gərginlikdə saxlamaq gücündədir.

 

Blokda da ciddi problemimiz yoxdur. Çünki son illərdə ölkə voleybolunun yetişdirdiyi yerli oyunçularımızdan Ayşən Abduləzimova yenə rəqiblərin həmlələrinin qarşısını almağa çalışacaq. Hazırda yaxşı formada olan “Lokomotiv”in blokçusuna bu işdə Kseniya Kovalenkonun kömək edəcəyi və ya əsas heyətdə onların bir-birlərini əvəzləyəcəyi gözləniləndir. Qarayevin son mövsümdə “Azərreyl”də heyətdə yer almayan, karyerasının son günlərini yaşayan Yelena Parxomenkonun da təcrübəsinə bel bağlayacağı istisna deyil.

 

Toppaylayıcılara gəlincə, komandamızın kapitanı Oksana Parxomenko, yaxud vitse-kapitanı Natəvan Qasımovanın hücumçularımıza və blokçularımıza lazımı dəstəyi verəcəyi sözsüzdür.

 

Bolqarıstanla müqayisədə Yunanıstan və Portuqaliyanın isə millimizə çətinlik yaşadacağı inandırıcı deyil. Çünki bu komandalar yığmamızla oyuna hələ təcrübə kimi baxırlar. Onlar üçün liderlərdən set almaq belə uğur hesab olunacaq.

 

Voleybolçularımız səfərdən 1 məğlubiyyətlə qayıtsa belə onu Bakıda keçiriləcək II dövrədə sığortalamaq gücündədirlər.

 

Bolqarıstan, Sofiya

22 may

17:30. Portuqaliya - Azərbaycan

20:00. Bolqarıstan - Yunanıstan

 

23 may

17:30. Azərbaycan - Yunanıstan

20:00. Portuqaliya - Bolqarıstan

 

24 may

17:30. Yunanıstan - Portuqaliya

20:00. Azərbaycan - Bolqarıstan

 

Azərbaycan, Bakı

29 may

16:00. Portuqaliya - Bolqarıstan

18:30. Azərbaycan - Yunanıstan

 

30 may

16:00. Bolqarıstan - Yunanıstan

18:30. Portuqaliya - Azərbaycan

 

31 may

16:00. Yunanıstan - Portuqaliya

18:30. Bolqarıstan - Azərbaycan

 

Qeyd edək ki, reqlamentə əsasən, seçmə mərhələlərdə 32 komanda 9 vəsiqənin taleyinə aydınlıq gətirəcək. Artıq ilk təsnifat mərhələsindən sonra 4 milli mübarizəni dayandırıb. II təsnifat mərhələsində qrup qalibləri birbaşa Hollandiya və Belçikanın ev sahibliyi edəcək final mərhələsinə yüksələcək. Qrupda ikinci olacaq millilər isə pley-offda münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Meydan sahibləri Belçika və Hollandiya, son Avropa çempionatının ilk “beşliyi”ndə yer alan Rusiya, Almaniya, Serbiya, Xorvatiya, həmçinin İtaliya (apennilər 6-cı olsalar da, Belçika çempionata ev sahibi kimi qatıldığından bu hüquqa yiyələnib – red.) artıq 16 komandanın mübarizə aparacağı yarışa vəsiqə qazanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1234
avatar

Oxşar yazılar