Türkiyə millisinin və “Atletiko Madrid”in futbolçusu Arda Turanın “Barselona”ya transfer olunması ilə bağlı məlumat yayılıb.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, bu barədə İspaniyanın nüfuzlu "Marca" qəzeti məlumat verib.
FİFA-nın transfer cəzası səbəbi ilə Ardanı yanvar ayına kimi rəsmi oyunlarda oynada bilməyən “Barselona” futbolçunu bir müddətə “Qalatasaray”a icarəyə verəcək.
İddiaya görə, Arda 5 illik müqaviləyə imza atacaq. "Barselona"nın transfer yasağı aradan qalxarsa, Arda artıq yanvar ayından etibarən bu klubun şərəfini qorumağa başlaya bilər.
Professional kariyerasına 2005-ci ildə “Qalatasaray” klubunda başlayan Arda Turan 6 il ərzində “sarı-qırmızılı” forma ilə 127 matçda 29 qola imza atıb. 2011-ci ildə İspaniyanın “Atletiko” klubuna transfer olunan türkiyəli yarımmüdafiəçi, madridlilərin heyətində 127 oyunda 13 dəfə rəqibləri məyus edib. Arda 2006-cı ildən Türkiyə milli komandasının formasını geyinir. Ay-ulduzlu forma ilə isə 82 matçda aktivinə 14 qol yaza bilib.