Anjela Doroqan: “Bundan sonra daha yaxşı nəticələr göstərəcəyəm”
16 iyun 2015 20:54 (UTC +04:00)

Anjela Doroqan: “Bundan sonra daha yaxşı nəticələr göstərəcəyəm”

0

“Qalib gəldiyimə görə çox sevinirəm. Çünki bu, mənim karyeramda qazandığım ilk qızıl medaldı. Əslinədə isə çempionluq haqda heç düşünmürdüm. Bakıda keçirilən I Avropa Oyunlarında tarix yazmağı bacardım. Bayrağımızı qaldırdım və finalda layiqli şəkildə güləşdim”

 

Bunu apasport.az saytına açıqlamasında Azərbaycanın güləş yığmasının üzvü Anjela Doroqan deyib.

 

I Avropa Oyunlarında 53 kq çəki dərəcəsində mübarizə aparan Doroqan qızıl medal uğrunda görüşdə Polşa təmsilçisi Roksana Zasinanı məğlub edib.

 

Doroqan bildirib ki, finalın ilk dəqiqələrində qələbə qazanacağına şübhə ilə yanaşıb: “Çox güclü şəkildə qalib gəlməyi istəyirdim. Axıra kimi güləşdim. Birinci dəqiqələrdə azacıq şübhə yaranmışdı qalib gəlməyimə. Daha sonra özümü toparladım və dedim ki, çempionluq medalını başqasına verməyəcəyəm”.

 

Güləşçimizin sözlərinə görə, polşalı rəqibinin zədəli olması ona əlavə stimul verib. Doroqan onu da əlavə edib ki, yarımfinalda moldovalı Natalya Budu ilə qarşılaşma onun üçün prinsipial xarakter daşıyıb: “Çünki keçən il keçirilən dünya çempionatında o məni məğlub etmişdi. Mən evdə çıxış edirdim və qalib gəlib finala çıxmaq istəyirdim”.

 

Doroqan Olimpiadaya lisenziya qazanacağına da söz verib: “Bundan sonra daha yaxşı nəticələr göstərəcəyəm”.

 

İdmançımızı qızıl medalı valideynlərinə, məşqçilərinə və Azərbaycan xalqına həsr etdiyini söyləyib. O, həmçinin növbəti qələbəsinə qədər Azərbaycanın dövlət himnini öyrənəcəyinə də söz verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar