“2016-cı il Olimpiadasına qolf komandamız da qatılacaq”
12 iyun 2013 14:32 (UTC +04:00)

“2016-cı il Olimpiadasına qolf komandamız da qatılacaq”

Azərbaycan Qolf  Federasiyasının prezidenti Anar Məmmədov idmanın bu növünün ölkəmizdəki inkişafından və federasiyanın planlarından danışıb

 



2012-ci və 2013-cü ilin birinci yarısı Azərbaycan qolfu üçün çox önəmli dövr oldu. Əslində, 2012-ci ili Azərbaycanda qolfun yeni idman növü olaraq yaranma tarixi də hesab etmək olar.

Çünki Azərbaycan Qolf  Federasiyasının yaradılması, Qubada regionun ən böyük qolf sahəsinin inşasına başlanması və qolfun təbliğatı istiqamətində geniş kampaniyaya start verilməsi məhz bu ilə təsadüf edir.
 

Azərbaycanın Qolf Federasiyasının (AQF) prezidenti Anar Məmmədovun Facebook-dakı şəxsi səhifəsində ölkəmizdə qolfun inkişafı, məktəblilər arasında idmanın bu növünün təbliği, eləcə də, 2016-cı il Yay Olimpiya Oyunlarında Azərbaycanın qolf komandasının iştirakı ilə bağlı yerləşdirilmiş məlumatlar bizdə böyük maraq oyatdı. Bu barədə daha ətraflı məlumat almaq üçün Federasiyanın prezidenti Anar Məmmədovla söhbətləşdik.

 


- Anar müəllim, Azərbaycan Qolf Federasiyasının (AQF) fəaliyyətinin əsas məqsədləri nədir?

- AQF 2012-ci ilin əvvəlində yaradıldı və missiyasına qolfu Azərbaycanda idman növü olaraq inkişaf etdirmək, daha da populyarlaşdırmaq və geniş kütləyə sevdirməkdir.

Fəaliyyət göstərdiyimiz qısa dövr ərzində biz müəyyən ciddi işlər görə bilmişik.
Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycanda qolfun inkişafı strategiyasını hazırlamışıq. Artıq ölkəmizdə yeni qolf  meydançaları yaradılmaqdadır. Hazırda Qubada çox böyük qolf sahəsinin tikintisi gedir və bu ilin payızında istifadəyə veriləcək. Azərbaycanda idmanın bütün növlərinin ciddi inkişafı müşahidə olunur. Bu sahə cənab prezidentin birbaşa diqqəti altındadır və həm idmanın özü, həm də əhali arasında ona olan maraq ciddi şəkildə artmaqdadır. Biz istəyirik ki, eyni tendensiya qolfla da bağlı olsun.   


- Qolfu gənc nəslin formalaşmasında böyük faydası olan idman növü hesab etmək olarmı?

- Bəli. Elə, bu səbəbdən Azərbaycan Qolf Federasiyası olaraq bizim həyata keçirdiyimiz ilk layihələrdən biri “SNAG”-dır.

SNAG abreviaturası – “Start New At Golf” olaraq açılır və qolfun qısa zamanda əyləncəli və maarifləndirici şəkildə maksimum insanlara təqdim edilməsi layihəsidir. SNAG müxtəlif yaş və sosial təbəqələrə məxsus insanların özlərini qolfda sınamalarına imkan verən yeganə proqramdır.

İlk mərhələ olaraq biz bu proqramı Bakı şəhərinin məktəblərində həyata keçirməyə başladıq. Bu proqramda həm maarifləndirici, həm də əyləncə elementləri nəzərdə tutulub və onun sayəsində uşaqlarda qolfa maraq yaratmaq mümkündür.
Bu məqsədlə biz, xüsusi avadanlıq və material hazırlayaraq, qeyd olunan proqramı paytaxtın onlarla məktəbində pilot layihə kimi tətbiq etdik. Həmin məktəblərdən ümumilikdə 1000 şagird qolf məşqlərinə yazılıb. Biz hansı məktəbə gedirdiksə, məktəb rəhbərliyi təkrar gəlməyimizi istəyirdi. Uşaqların reaksiyası bizi bu layihəni davam etdirməyə və daha çox məktəbi bu proqramın əhatə dairəsinə almağa həvəsləndirdi. Yeni tədris ilinin başlaması ilə bu layihənin həyata keçirilməsini sürətləndirməyi və Bakının ardınca digər şəhər və rayonlarda maksimum sayda insana qolfu tanıtmağı düşünürük.



- Qolf ölkəmiz üçün yeni idman növü olduğundan onun tədrisinə də ehtiyac var…

- Hazırda üzərində çalışdığımız ən böyük layihələrdən biri Bakıda Qolf Akademiyasının yaradılmasıdır. Bu sahədə işlər yekunlaşmaqdadır və düşünürəm ki, yaxın zamanlarda akademiyanın açılışını keçirəcəyik.

Akademiyanın ərazisində mini qolf klub olacaq və burada hər kəs həm qolf oynamağı öyrənəcək, həmçinin qolf oynamaq imkanı əldə edəcək.

Akademiyada ən son avadanlıq və PGA (Professional Golf Association) ixtisaslı instruktorlar fəaliyyət göstərəcək. Həmçinin akademiyanın ərazisində GPS sistemi və dünya qolf sahəsinin kitabxanası ilə təchiz edilmiş qolf simulyator olacaq ki, burada arzu edənlər 130-dan çox qolf sahəsində qolf oynamaq imkanı əldə edəcək. Hər bir kəs Qolf Akademiyasına üzv ola bilər. Ən maraqlısı odur ki, qolfla məşğul olmağın ən minimal yaş həddi 4, maksimal yaş həddi isə – konkret hədd yoxdur. Əlbəttə ki, söhbət peşəkar qolf oyunlarından getmir. Burada yaş həddi 16-50 arasında dəyişir. 50 yaşdan sonra oyunçu yaşlılar üçün nəzərdə tutulan səviyyəyə keçir.


- Geniş kütləyə qolfu tanıtmaq və sevdirməyə çalışırsınız. Lakin qolfu sevdikdən sonra onu oynamaq üçün sahələr də olmalıdır. Bu mənada Azərbaycanda vəziyyət necədir?

- Tamamilə haqlısınız. Hər bir meydança oyunu kimi qolfun da oynanılması və ümumiyyətlə mümkünlüyü üçün uyğun ərazi ən vacib şərtlərdən biridir. Hal-hazırda federasiya olaraq biz bu istiqamətdə də fəaliyyət göstəririk. Fikrimcə, qolf sahələri Bakı ilə məhdudlaşmamalıdır, əksinə bölgələrdə açılmalıdır.

Hazırda Qubada regionun ən böyük qolf sahəsinin tikintisini həyata keçirilir. Bu geniş sahəni əhatə edən və beynəlxalq turnirlərin keçirilməsi üçün lazım olan bütün beynəlxalq standartlara cavab verən 18 dəlikli qolf sahəsidir.  60 hektar ərazidə yaradılan qolf sahəsi yüksək səviyyəli qolf  oyunu üçün nəzərdə tutulub. Gələcəkdə Quba Qolf Kompleksində beynəlxalq turnirlər də keçiriləcək. Qolf sahəsinin yaxınlığında “Rixos” oteli tikilir. Bu otelin də gələn il yazın əvvəlinə istifadəyə verilməsi nəzərdə tutulur.
Onu da qeyd edim ki, ABŞ və İngiltərədən gəlmiş mütəxəssislər Qubadakı ərazinin qolf üçün mükəmməl yer olduğun bildiriblər. Bundan əlavə, Bakıda, Bakı Futbol Akademiyasının ərazisində bizim mini qolf sahəmiz də qurulur. Həmin ərazidə Qolf Akademiyası da fəaliyyət göstərəcək.  Akademiyada kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək.
 


-  Dediniz ki, qolf əsrin əvvəlində olimpiya idman növü olub. Hazırda qolf üzrə dünyada hansı beynəlxalq turnirlər keçirilir?

- Biz fəaliyyətə başlayacaq Qolf Akademiyasında uşaqlara və gənclərə qolf idman növünü öyrədəcəyik. Onların arasından ən bacarıqlı olanlarını seçərək Azərbaycanın ilk milli qolf  komandasını təşkil edəcəyik. Azərbaycan Qolf  Federasiyası ölkədə qolfun məşhurlaşması üçün xüsusi proqram icra edir. Bu proqram vasitəsilə məktəblərdə və universitetlərdə qolf şagirdlərə və tələbələrə tanıdılır. Akademiya yarandıqdan sonra xüsusi lisenziya əsasında qolf geyimi və ləvazimatlarının satışını da təşkil edəcəyik. Hazırda 3-4 şirkət arasından seçim edilir.
Bildiyiniz kimi, qolf 2016-cı ildə keçiriləcək Yay Olimpiya oyunları proqramına namizədlər sırasına daxil edilib. Federasiya olaraq bizim əsas hədəflərimizdən biri 2016-cı ildə keçiriləcək növbəti Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək qolf oyunçularını yetişdirməkdir. Prezidentimiz, cənab İlham Əliyevin dediyi kimi: “Olimpiya oyunları təkcə idman yarışı deyil, həm də böyük siyasətdir, dünya miqyasında çox böyük ictimai hadisədir”.

Mən isə öz növbəmdə ümid edirəm ki, cənab prezidentin idmana göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin bayrağını ən yüksək zirvələrə qaldıran idmançılar sırasında tezliklə Qolf Federasiyasının da yetirmələri olacaq və vaxt gələcək biz qolf üzrə Olimpiya qızılını ölkəmizə gətirəcəyik.

 

# 1591
avatar

Oxşar yazılar