Avqustun 25-də Cənubi Koreyanın Çunqju şəhərində akademik avarçəkmə üzrə dünya çempionatı start götürəcək. Lent.az-ın məlumatına görə, böyüklər arasında keçiriləcək mundialda Azərbaycanı 1 nəfərlik qayıqla (M1x) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov təmsil edəcək.
O, karyerasında ikinci dəfə belə nüfuzlu yarışda mübarizə aparacaq. Aleksandrov 2011-ci ildə Sloveniyanın Bled şəhərində keçirilmiş dünya çempionatında 9-cu yeri tutaraq, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdı. Amma aparıcı akademik avarçəkənimiz bu dəfə çempionatın favoritlərindən sayılır. O, artıq 2 dəfə (2007, 2008) yeniyetmələr, 1 dəfə 23 yaşadək akademik avarçəkənlər (2012) arasında dünya çempionu olmağı bacarıb. Təmsilçimiz hələ 22 yaşında ikən London olimpiadasında əsas finala yüksələrək, yekunda 5-ci olub. Bu il isə Aleksandrov İspaniyanın Sevilya şəhərində keçirilmiş Avropa çempionatında 5-ci, Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunmuş Dünya Kubokunun II mərhələsində isə 4-cü yeri tutub. O, ən böyük uğuruna isə elə Londonda imza atıb. Aleksandrov ilk dəfə dəvət aldığı 174 illik tarixə malik Henli Kral Reqatasının ("Henley Royal Regatta”) qalibi olmağı bacarıb. Avarçəkənimiz yeni zelandiyalı 3 qat dünya çempionu Dankan Qrant, 5 qat olimpiya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Meyh Drizdeyl, sloveniyalı olimpiya və 3 qat dünya çempionu Luka Şpik və böyük britaniyalı, 2012-ci il London Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurmuş Alan Kempbelli üstələyə bilib.
Qarşıdakı dünya çempionatında isə Aleksandrovu 31 avarçəkənlə, o cümlədən Drizdeyl, Şpik və Kempbellə böyük rəqabət gözləyir. Püşkə əsasən, təmsilçimizin seçmə mərhələdəki rəqibləri Memo Memo (İndoneziya), Vladislav Yakovlev (Qazaxıstan), Yevgeni Sokirka (Moldova) və Anxel Furnier Rodriges (Kuba) olacaq. İlk “3-lüy”ə düşəcəyi halda, avarçəkənimiz ¼ finala vəsiqə qazanacaq. Nüfuzlu yarışa sentyabrın 1-də yekun vurulacaq.
Qeyd edək ki, Aleksandr Aleksandrov dünya çempionatına akademik avarçəkmə üzrə milli komandamızın baş məşqçisi Yuliana Stoyevanın rəhbərliyi altında Almaniyanın Münhen şəhərində hazırlaşıb.