Elxan Məmmədov: “Əsas millimizin oyununda stabillik yaranıb”
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının İsrailə 2:7 hesablı məğlubiyyəti ilə əlaqədar məşqçilər korpusu AFFA rəhbərliyinə hesabat verəcək. Bu haqda Lent.az-a federasiyanın baş katibi Elxan Məmmədov bildirib.
Onun sözlərinə görə, sentyabrın 10-da AFFA-da millimizin baş məşqçisi Bernhard Lippert məğlubiyyətin səbəbləri barədə danışacaq. Lakin Məmmədov Lipperti yox, futbolçuları günahlandırıb. Baş katib bildirib ki, komandamız imkanlarından aşağı çıxış etdiyi üçün sutkalıq ödənişdən məhrum ediləcək. Bununla yanaşı, AFFA rəsmisi 21 yaşadək yığmamızdan əsas milliyə 2 oyunçu – Qara Qarayev və Araz Abdullayevin müntəzəm cəlb olunmasını müsbət amil kimi dəyərləndirib.
Məmmədov gənclərdən fərqli olaraq, əsas millimizin İsrailə qarşı əzmkar oyun sayəsində 1:1 hesablı heç-heçəyə nail olduğunu vurğulayıb. O, 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində komandamızın səfərdə daha çox xal qazanmasının səbəbini də açıqlayıb: “Yığmamız cari tsikldə cəmi 3 oyunda uduzub. Bunlardan 2-si Portuqaliya, 1-i isə Rusiya ilə görüşlərə təsadüf edib. Qalan 5 matçda 5 xaldan 3-ü səfərdə qazanılıb. Bu isə onu göstərir ki, səfərdə daha çox oyun keçirmək barədə qərarımız düzgündür. Digər tərəfdən, millimizin oyununda və nəticələrində stabilliyin yaranması çox sevindirici haldır”.
Millimiz qrup mərhələsindəki qalan 2 matçını evdə keçirəcək. Oktyabrın 11-də Şimali İrlandiyanı qəbul edəcək komandamız bundan 4 gün sonra Rusiyanı sınağa çəkəcək. Hər iki qarşılaşma “Bakcell Arena”da oynanılacaq. Baş katib qarşıdakı görüşlərdən uğurlu nəticələrlə ayrılmaq imkanının yarandığını söyləyib: “Komandamızın İsraillə oyundakı çıxışı hamının rəğbəti ilə qarşılanıb. Təbii ki, belə güclü rəqiblə oyundakı heç-heçə Azərbaycanın FİFA reytinqindəki mövqeyini yaxşılaşdıracaq və qalan 2 oyunda uğurlu nəticələrə bir stimul olacaq. Tezliklə, bu görüşlər üçün kampaniyaya başlayacağıq. İnanırıq ki, azarkeşlər Şimali İrlandiya və Rusiya ilə görüşlərdə komandamızı sonadək dəstəkləyəcəklər”.