Bakının AZAL klubu hakimin qərarının haqlı olmadığını 4 turdan sonra sübut edə bilib. Lent.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasına (PFL) müraciət edən “təyyarəçilər” XVI turda “Rəvan”la oyun zamanı Xuan Fransiskoya göstərilmiş sarı vərəqənin səhvən matçın protokolunda AZAL-ın digər futbolçusu Oskars Klavanın adına qeyd edildiyini bildirib.
İntizam Komitəsi matçın videoyazısını izlədikdən sonra həqiqətən də oyunun 90+2-ci dəqiqəsində hakimin Xuan Fransiskoya sarı vərəqə göstərdiyini, əvəzində protokolda Klavanın adını yazdığını müəyyənləşdirib. Qərara alınıb ki, protokolda sarı vərəqə Klavayanın adından silinsin və klubun digər futbolçusu Xuan Fransiskonun adına əlavə edilsin. AFFA Hakimlər Komitəsindən isə matçın hakimləri haqqında lazımi ölçü götürülməsi və İntizam Komitəsini məlumatlandırması istənilib.
Bununla yanaşı, AZAL XX turda “Sumqayıt”la oyun zamanı 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat cərimələnib.
Qeyd edək ki, AZAL – “Rəvan” matçı 2013-cü il dekabrın 8-də keçirilib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. Oyunu Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.