“Xəzər Lənkəran”la “Neftçi” arasındakı görüşlər həmişə diqqət çəkib. Bu dəfə oyun çox maraqlı keçdi. Təəssüf ki, matç zamanı belə insident baş verdi. Bəziləri bunu ötən mövsümün sonunda, ölkə kubokunun finalında baş verən hadisələrlə eyniləşdirirlər. Ancaq o zaman futbolçular, bu dəfə isə azarkeşlər arasında problem yarandı”. Apasport.az saytının xəbərinə görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Topaz Premyer Liqasının IV turunda keçirilən “Xəzər Lənkəran” - “Neftçi” matçında yaşanan qalmaqalla bağlı mövqeyini bildirən Məmmədovun xoşagəlməz olayların bilərəkdən yaradıldığını düşünür: “Lənkəranlı azarkeşlərdə futbol mədəniyyəti var. Hesab edirəm ki, bunu törədənlər təxribat etmək fikrində idilər. Təəssüf ki, stadiona partlayıcı maddələr də keçirilmişdi. Bu hadisə ilə əlaqədar olaraq 4 nəfər saxlanılıb. Baxsanız görərsiniz ki, onların çoxu Lənkəranda qeydiyyatda deyillər. Belə çıxır ki, onlar stadiona məhz iğtişaş törətmək üçün gəlmişdilər. Biz klublar qarşısında belə bir tələb qoymaq fikrindəyik ki, orda bir menecer məhz azarkeşlərlə işləsin. Problem yaradan azarkeşləri müəyyənləşdirmək mümkündür. Lənkəran şəhər stadionunun tribunalarında kameralar quraşdırılıb. Problem yaradan azarkeşləri müəyyənləşdirib onların stadiona buraxılmasının qarşısını almaq olar”.
Baş katib ANS-ə müsahibəsində vurğulayıb ki, oxşar hadisələrin təkrarlanacağı halda oyunların azarkeşsiz keçirilməsi də mümkündü: “Beynəlxalq təcrübədə belə hallar var. Amma biz bunu istəmirik. Futbolun inkişaf etməsini istəyirik. Bunun üçün də insanların stadionlara gəlməsi lazımdır. Lakin hadisələr təkrarlansa, o zaman klubların səfər görüşlərinə azarkeş aparmasına qadağa qoyacağıq. Bu məsələ ilə bağlı AFFA-nın İntizam Komitəsinin iclası keçiriləcək. Orda müvafiq qərarlar qəbul ediləcək və günahkarlara ağır cəzalar veriləcək”.
AFFA-dan Lənkəranda baş verənlərlə baqli açıqlama
806